
Bakı. Trend:
Azərbaycanın çevik və aparıcı qeyri-bank kredit təşkilatlarından
olan “FINCA Azərbaycan” BOKT uzun müddətdir ki, ölkədə
sahibkarlığın, xüsusən də kiçik və orta biznesin inkişafına dəstək
göstərir. Kənd təsərrüfatı və kiçik biznes kreditləri üzrə
ixtisaslaşmış “FINCA Azərbaycan” 26 filialı vasitəsi ilə
sahibkarlara maliyyə resursları təqdim etməklə onların
fəaliyyətinin, eləcə də bizneslərinin genişlənməsinə şərait
yaradır. Son illər əzrində rəqəmsal xidmətlərin genişləndirilməsi
nəticəsində sahibkarların kredit üçün müraciəti daha da
sadələşdirilib, biznes sahiblərinin kredit vəsaitlərinə əlçatanlığı
daha da asanlaşıb. Təbii ki, bütün bunlar bu sahədə peşəkar
rəhbərliyin, komandanın olması və onların çevikliyi sayəsində
ərsəyə gəlir.
2025-ci ilin sonuna yaxın, bu uğurların arxasında duran əsas
şəxslərdən biri olan təşkilatın icraçı direktoru Timoti Tarrant, 12
illik fəaliyyətindən sonra FINCA Azərbaycandakı missiyasını başa
çatdıracaq. Məlumat üçün qeyd edək ki, T.Tarrant peşəkar
karyerasına 2001-ci ildən başlayıb, 2013-cü ildən isə “FINCA
Azerbaijan” MM Qeyri-bank Kredit Təşkilatının direktoru vəzifəsini
icra edib. Bu müddətə qədər o, “FINCA”nın 3 fərqli ölkə üzrə ölkə
direktoru, həmçinin sözügedən maliyyə təşkilatının üç törəmə
şirkətində Müşahidə Şurasının və audit komitəsinin üzvü olub.
T.Tarrant Azərbaycanda fəaliyyəti dövründə bir çox yeniliklərin
həyata keçirilməsi prosesinə yaxından rəhbərlik edib. O, qlobal
iqtisadi böhran zamanı peşəkar komandanın dəstəyi ilə şirkətdə
çətin restrukturizasiya prosesinə rəhbərlik edərək 2019-cu ildə
biznesin yenidən uğurla davam etməsinə nail olub, “FINCA
Azərbaycan”ı aparıcı və inkişaf edən mikromaliyyə qurumu kimi
mövqeyinə qaytarıb. Bundan başqa, T.Tarrant satış və geri yığımlar
üzrə ilk uğurlu çağrı mərkəzlərinin yaradılmasına və tətbiqinə də
rəhbərlik edib. Bu gün həmin model bütün qlobal FINCA şəbəkələri
tərəfindən qəbul edilmiş ən yaxşı təcrübə standartına çevrilib
Qeyd edək ki, cari ilin sonunadək T.Tarrantın yerinə yeni
direktorun təyinatı gözlənilir.
Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FINCA
Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından
biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən
sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət
göstərir. Hazırda “FINCA Azərbaycan” dövlət tənzimləyici orqanları
və Azərbaycan Mikromaliyyə Assosiasiyası da daxil olmaqla bir çox
maraqlı tərəflərlə güclü və məhsuldar əməkdaşlıq münasibətlərinə
malikdir.