
Bakı. Trend:
Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi
keçirilib.
Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən
məlumat verilib.
Bildirilib ki, tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr
müavini, Gənclər və İdman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, belə əhəmiyyətli idman tədbirinin
Azərbaycanda keçirilməsi ölkənin idman və mədəni həyatında mühüm
hadisədir.
Xüsusilə Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarına hazırlıq
çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Gəncədə həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.
Öz növbəsində nazir Fərid Qayıbov Gəncə sakinlərini Oyunlar
zamanı idmançıları fəal dəstəkləməyə çağırıb. “Oyunların
başlanmasına bir aydan da az vaxt qalıb. Bildiyiniz kimi, idman
Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Ölkəmiz artıq müxtəlif multi-idman yarışlara ev sahibliyi
edib. Lakin ilk dəfə belə böyük idman tədbiri regionlarda
keçiriləcək. Gəncədə açılış və bağlanış mərasimləri, eləcə də bir
sıra idman növləri üzrə yarışlar təşkil olunacaq”, – deyə o
bildirib.
Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının
rəsmi talismanları – Bəbir və Leyla təqdim olunub.
Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə geri sayım
saatlarının işə salınması olub.
Bayram proqramı populyar ifaçılar Emiliya Yaqubova və Çingiz
Mustafayevin iştirakı ilə maraqlı konsertlə davam edib. Həmçinin
tamaşaçılara Azərbaycan Gimnastika Federasiyası tərəfindən
hazırlanan musiqi-xoreoqrafik nümayiş təqdim olunub.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində
Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax,
Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış
mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.