
Bakı. Trend:
Yay fasiləsindən sonra “Formula-1” komandaları Niderlandın
Zandfort avtodromunda yarışa çıxıblar. Son dörd ilin çempionu Maks
Ferstappenin vətəninə azarkeşlər axın etsə də, diqqət “McLaren”
sürücüləri – Oskar Piastri və Lando Norris üzərində olub.
Trend xəbər
verir ki, cümə və şənbə məşqlərində “McLaren” sürücüləri sürətləri
ilə diqqət çəkib.
Sıralanma turunda isə Lando səhvə yol verərək poulu əldən verib,
Oskar Piastri isə tarixi bir nəticə ilə birinci yeri tutub. Red
Bull sürücüləri Maks Ferstappen və Ayzek Həcər sırasıyla 3-cü və
4-cü olub.
Yarış startından maraqlı olub: Maks və Şarl Lekler mövqelərini
dəyişsələr də, 8-ci dövrədə Lando vəziyyəti bərpa edib. Trasın
çətin 3-cü döngəsində Şarl Lekler səhv edib və Təhlükəsizlik Maşını
trasa çıxıb. Pit-stop dalğaları və təkər strategiyaları liderlik
uğrunda mübarizəni daha da gərginləşdirib. Kimi Antonelli cərimələr
alıb, Lyuis Hemilton isə pitdən sonra təmas nəticəsində yarışı
dayandırmalı olub.
Finişə 6 dövrə qalmış Lando Norrisin maşınında tüstü yaranıb və
britaniyalı sürücü trasın kənarında dayandırmalı olub. Beləliklə,
Oskar Piastri liderliyi qoruyaraq mövsümdə 7-ci, karyerasında isə
9-cu qələbəsini qazanıb və Böyük Dəbilqəyə sahib çıxıb. Maks
Ferstappen ikinci, Ayzek Həcər isə ilk podiumunu qazanaraq F1
tarixində ən gənc 5-ci podium qazanan sürücü olub.
Corc Rasl podiumun bir addımlığında qalıb. Startda geridə olan
Aleks Elbon 5-ci, Oliver Börman 6-cı olub. “Aston Martin”
sürücüləri Lens Stroll və Fernando Alonso 7-ci və 8-ci yerləri
tutublar. İlk onluğu Yuki Tsunoda və Esteban Okon tamamlayıb.
Çempionatda Oskar Piastri liderliyini möhkəmlədib: 309 xal ilə
Lando Norrisi 34 xal qabaqlayır. Maks Ferstappen isə 205 xalla
üçüncü yerdədir. “McLaren” mühəndisləri Kubok uğrunda əsas favorit
kimi qalır.
Növbəti yarış Monza avtodromunda keçiriləcək, Azərbaycan
Qran-prisinə isə 20 gün qalıb.

