Bakı. Trend:
2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni –
yaranmasının 30 illiyini qeyd edir.
Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi
Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda
aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.
Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik
bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr
arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya
media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində
lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu
regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə
Trend-in 30 illiyi ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, “Trend” Beynəlxalq İnformasiya Agentliyinin
yaranmasından 30 il ötür:
“Trend” 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. Həmin
vaxtdan etibarən keçilən 30 illik yol nəticəsində bu gün “Trend”
Beynəlxalq İnformasiya Agentliyi müstəqil Azərbaycanın media
sektorunda liderlər sırasında qərarlaşıb. Azərbaycan milli
mətbuatının yaranmasından 150 illiyinin qeyd olunduğu ildə 30
yaşını qeyd edən Agentlik ötən illər ərzində şərəfli yol keçərək
bugünkü inkişaf səviyyəsinə çatıb. Qafqazda və Xəzəryanı regionda
aparıcı xəbər istehsalçılarından hesab olunan agentliyin
məlumatları Azərbaycan, rus, ingilis, türk və fars dillərində
yayımlanır. Qərəzsiz informasiya siyasəti yürüdən agentlik işini
beynəlxalq tələblərə uyğun qurub. “Trend” dünyanın aparıcı xəbər
agentlikləri ilə əməkdaşlıq edir, agentliyin xəbərləri dünyanın
informasiya resurslarında da yayımlanır.
“Trend” ölkədən və regionda baş verən hadisələrə diqqət
ayırmaqla milyonlarla oxucusuna müxtəlif sahələr üzrə operativ
xəbərlər təqdim edir. Xəbərləri ilə dünya auditoriyasını əhatə edən
İnformasiya Agentliyi 30 illik fəaliyyəti dövründə müxtəlif
mükafatlara layiq görülüb. 2010-cu ildə “Trend” Asiya və Sakit
okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv
qəbul edilib. “Trend” 2006-2007-ci illərdə Azərbaycanda “KİV
sahəsində ən yaxşı şirkət” seçilib. “Trend” “İlin eksklüziv
informasiya agentliyi” nominasiyasında “Brand Award
Azerbaijan-2008” milli mükafatına layiq görülüb. Avrasiya
Televiziya və Radio Akademiyası 2008-ci ildə “Trend”i “Avrasiyada
daha dinamik inkişaf edən resurs” hesab edib.
Ötən 30 ildə əldə edilən uğurlar böyük məsuliyyət, peşəkarlıq,
inam və etimadın vəhdətindən yaranıb. Media orqanı öz işini müasir
inkişaf tendensiyalarına, rəqəmsal texnologiyalara, beynəlxalq
standartlara uyğun quraraq peşəkar komanda ilə operativ, qərəzsiz
xəbərlər təqdim edir. Agentlik müasir texnologiyaların tətbiqi
nəticəsində qlobal informasiya məkanına inamla daxil olaraq, dünya
ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilib. Azərbaycan
həqiqətlərinin təbliği missiyasını hər zaman yüksək peşəkarlıqla
həyata keçirilir. İnformasiya şəffaflığı, milli maraqların
qorunması “Trend” Beynəlxalq İnformasiya Agentliyinin fəaliyyətində
hər zaman prioritetdir.
“Trend” Azərbaycan dövlətinin mediaya, söz və məlumat azadlığına
yaratdığı şəraitdən uğurla yararlanaraq xarici və daxili
informasiya məkanında möhkəmlənib. Operativ, dəqiq, qərəzsiz
informasiyaları, analitik yazıları ilə media məkanında özünəməxsus
yeri və rolu olan, liderlər sırasındakı mövqeyini hər zaman qoruyub
saxlayan “Trend” Beynəlxalq İnformasiya Agentliyi gələcəyə doğru
böyük inamla addımlayır.
“Trend”də çalısan həmkarlarımı 30 illik yubileyləri münasibətilə
təbrik edir, peşəkar və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar
arzulayıram”.