
Bakı. Trend:
Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə növbəti Nəsimi – şeir, mənəviyyat
və incəsənət festivalı keçiriləcək.
Trend xəbər
verir ki, Bakı və Şamaxının müxtəlif məkanlarında baş tutacaq
festival bu dəfə də Azərbaycan şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin fəlsəfi və ədəbi irsinin öyrənilməsi, ədəbiyyat və
incəsənət sahəsində bir sıra tədbirlərlə yadda qalacaq.
Festival sentyabrın 23-də və 25-də Bakının bir sıra mədəniyyət
ocaqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, İçərişəhəri,
Atəşgah məbədini əhatə edəcək. Festival günlərində müxtəlif
ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfrans, Nəsimi
yaradıcılığına dair elmi sessiyalar, müzakirələr, sərgilərin
təşkili, tamaşaların nümayişi, əbədi-bədii gecənin, musiqi
təqdimatlarının keçirilməsi nəzərdə tutulub.
Sentyabrın 24-də isə festival Şamaxıda davam edəcək. İlk dəfə
olaraq Nəsimi Bağları Kompleksində təşkil ediləcək festival bu
ərazinin müxtəlif məkanlarını əhatə edəcək. Burada tanınmış və
sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi
yaradıcılığına həsr olunan bədii proqram, o cümlədən balet, açıq
səma altında “Multidissipilinar incəsənət festivalı”, ustad
dərsləri, konsert təqdim ediləcək.
Festival iştirakçıları, həmçinin Nəsimi Bağları Kompleksi
ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir
üslubda hazırlanmış nəhəng heykəli ilə tanış ola biləcək.
2018-ci ildən ənənəvi təşkil olunan Nəsimi Festivalı
mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi
hədəfləyir. Həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin
dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr
arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.