Gürcüstanda yaşayan azərbaycanlı gənclər yay düşərgəsində (FOTO)

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın Dmanisi rayonunda bu ölkədə yaşayan azərbaycanlı
gənclərin iştirakı ilə Yay Düşərgəsi təşkil olunub. Düşərgədə
Marneuli, Rustavi, Laqodexi, Bolnisi, Qardabani, Saqareco və
Dmanisidə yaşayan 25 gənc iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, düşərgənin proqramına Azərbaycan dili dərsləri, əyləncəli,
intellektual oyun və yarışlar, müxtəlif istiqamətli təlimlər daxil
olub.

Düşərgənin 1-ci günündə iştirakçılar Tbilisidəki Heydər Əliyev
Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini
ehtiramla yad ediblər.

“Dmanisi Tədris Mərkəzi”nin rəhbəri Kamran Xıdırov gənclər
qarşısında çıxış edərək düşərgənin əhəmiyyəti barədə danışıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşı Sabit Məmmədov Gürcüstanda yaşayan gənclərimizin
inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu
mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsinin
əhəmiyyətini qeyd edib.

Düşərgənin müxtəlif günlərində tarixçi Alxan Məmmədov “Gürcüstan
Azərbaycanlılarının tarixi”, “Qanun” Hüquqi Yardım Mərkəzinin
vəkili Əli Bədirov isə “Gürcüstan qanunları və Konstitusiyası”
mövzularında mühazirə ilə çıxış ediblər.




İştirakçılar düşərgə müddətində Dmanisi tarix muzeyinin
fəaliyyəti ilə tanış olub, Dmanisi Milli Parkında təşkil olunan
əyləncəli proqramda iştirak ediblər. Gənclər daha sonra Dmanisi
Sionisini ziyarət edərək qədim insanların məskənləri və arxeoloji
tapıntılarla bağlı məlumat alıblar.

Gənclər Borçalı aşıq məktəbinin nümayəndəsi aşıq Kamandarla
(Qurbanov) da görüşüblər. Aşıq Kamandarın Azərbaycan aşıq sənəti
barədə çıxışı gənclərdə bu sənətə qarşı böyük maraq oyadıb.

Düşərgə iştirakçıları Ülkər Məmmədova, Cavan Nəbiyev və Həmayıl
İbrahimova yerli mətbuata müsahibələrində düşərgənin onlar üçün
yeni dostluqlar qurmaq, faydalı biliklər qazanmaq, tarixi
məlumatlarla tanış olmaq və təcrübə əldə etmək baxımından xüsusi
əhəmiyyət daşıdığını bildiriblər.

Yay Düşərgəsi işini yekunlaşdırıb və sonda gənclərə
sertifikatlar təqdim edilib.

Qeyd edək ki, düşərgə Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris
Mərkəzi”nin təşkilatçlığı ilə baş tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir