
Bakı. Trend:
2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni –
yaranmasının 30 illiyini qeyd edir.
Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi
Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda
aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.
Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik
bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr
arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya
media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində
lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu
regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.
Bu münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,
Milli Məclisin deputatı Novruz Aslan Trend İnformasiya Agentliyinin
direktoru İlqar Hüseynova Cəmiyyətin 100 illik yubiley medalını
təqdim edib.
N.Aslan ən xoş arzularla dərin hörmət və ehtiramını ifadə
edərək, Trend-i Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı
üzvləri və öz adından 30 illik yubiley münasibətilə təbrik
edib.
“Azərbaycan azad sözə plüralizma, əxlaqi-mənəvi
maarifləndirməyə, ümummilli maraqların ifadəsinə, dürüst gündəlik
xəbərlərə olan tələbat Milli mətbuatımız tərəfindən ödənilir.
Müstəqil tərəfsiz, qərəzsiz, doğru dürüst informasiyanın operativ
çatdırılması, həmçinin, dözümlülük, rəngarənglik və başqalarından
fərqlənməyi özünün əsas prioriteti kimi qəbul edən «Trend
İnformasiya Agentliyi bu illər ərzində oxucuların dərin rəğbətini
qazanıb.
Ən xoş arzularla dərin hörmət və ehtiramını ifadə edərək, Sizi
və kollektivinizi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı
üzvləri və şəxsən öz adımdan fəaliyyətinizin 30 illik Yubileyi
münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qloballaşan dünyamızda Elektron Kütləvi İnformasiya
vasitələrinin bolluğu şəraitində öz imicini saxlamaq, yeni-yeni
oxucu cəlb etmək çox çətindir. Lakin, buna baxmayaraq, Siz
ətrafınıza peşəkar, müasir dünya mediasına inteqrasiya etməyi
bacaran kollektiv toplamaqla bunun öhdəsindən gəlmiş və Trend
İnformasiya Agentliyini daha da inkişaf etdirmisiniz.
Sizin agentliyin keçdiyi şərəfli yol müasir Azərbaycan mediası
tarixində xüsusi çəkisi olan qurum olaraq, yeni fəaliyyətə başlayan
elektron kütləvi informasiya vasitələri üçün bir örnəkdir.
Məsuliyyətlə və fəxrlə deyə bilərik ki, Sizin fəaliyyətinizdə
nəinki Azərbaycan, bütövlükdə Xəzər regionunun xiyasi, iqtisadi,
sosial və s. Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı xəbərlər
operativ olaraq işıqlandırılır və dünya arenasına çıxması üçün bir
etibarlı mənbə rolunu oynayır.
Fərəhli haldır ki, Sizin 30 illik şanlı Yubileyiniz Azərbaycan
Milli Mətbuatının 150 illik Yubileyinin qeyd edildiyi bir vaxta
təsadüf edir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə də Trend
İnformasiya Agentliyinin kollektivi daim diqqətlə yanaşır.
Fəaliyyətlərimiz mütəmadi olaraq Trend İnformasiya Agentliyi
saytında işıqlandırılır. Uzun illər Sizinlə olan əməkdaşlığımızın
bariz nümunəsidir ki, respublikada, eləcə də dünyada baş verən
hadisələrlə bağlı mənim siyasi təhlillərim mütəmadi olaraq Sizin
saytda işıq üzü görür.
Əminəm ki, qarşılıqlı işgüzar əməkdaşlığımız bundan sonra daha
da inkişaf edəcək.
Sizi və kollektivinizi bir daha bu əlamətdar gün münasibətilə
ürəkdən təbrik edir, hamınıza möhkəm can sağlığı, uzun ömür, milli
mətbuatımızın inkişafı naminə apardığınız şərəfli işinizdə tükənməz
enerji və yeni-yeni uğurlar arzulayıram”, – o qeyd edib.

