
Bakı. Trend:
IDEA İctimai Birliyinin əməkdaşları və könüllüləri tərəfindən
Viləşçayın Masallı rayonu İstisu kəndi ərazisindən keçən bir
hissəsində təmizlik aksiyası həyata keçirilib.
İməcilik iştirakçıları şəxsi sağlamlıq və təhlükəsizliyin
qorunması, eləcə də fəaliyyətin daha effektiv təşkil olunması
məqsədilə xüsusi geyimlər, əlcəklər və digər zəruri ləvazimatlarla
təmin olunub.
Toplanan tullantıların ümumi həcmi 1 tona yaxın olub və onların
böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil
edib ki, bu tip tullantılar torpaq və su ekosistemini ciddi şəkildə
çirkləndirir. Təşkil olunan təmizlik aksiyaları sadəcə
tullantıların toplanması ilə məhdudlaşmır, eyni zamanda
dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət
kəsb edir. IDEA vətəndaşları bir daha yaşıl və sağlam gələcək
naminə təbiətə qarşı həssas və məsuliyyətli yanaşmağa və ətraf
mühitin çirklənməsi halları ilə rastlaşdıqda “1113-Təbiətə Təcili
Yardım” qaynar xətti vasitəsi ilə IDEA İctimai Birliyinə məlumat
verməyə çağırır.