Yeniyetmə şahmatçıların Laçın və Zəngilan rayonlarına infoturu təşkil olunub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət
Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış
məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat
və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində məcburi
köçkün məktəblilərdən bir qrupunun Laçın və Zəngilan rayonlarına
infoturunu təşkil edib.

Trend xəbər
verir ki, infotur Laçın və Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin dəstəyi ilə keçirilib.

İnfoturda Dövlət Komitəsinin bu ilin may ayında məcburi köçkün
məktəblilər arasında keçirdiyi Böyük Qayıdışa həsr olunan “Zəfər”
şahmat turnirinin qalibləri iştirak ediblər.

İnfoturun iştirakçısı olan məktəblilərə Prezident İlham Əliyevin
tapşırığı ilə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri,
Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan
tədbirlərin icrası barədə məlumat verilib.

Məktəblilər Laçın şəhəri və şəhərdə yerləşən Bayraq meydanı,
Həkəri çayının sahilində salınan park və Zabux kəndi ilə yaxından
tanış olublar.




Həmçinin, məktəblilər Zabux kəndində salınan parkda şahmat
oynayıblar.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə səfər edən infotur
iştirakçıları, kəndin mərkəzi meydanı və yaşayış evləri ilə tanış
olublar. Ağalı kəndinə qayıdan həmyaşıdları ilə söhbətləşiblər.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının
Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə
Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.