
Bakı. Trend:
Görüşlərdə sahibkarlıq sahəsində yeniliklər və qanunvericiliyin
tələbləri biznes subyektlərinin diqqətinə çatdırılıb, sualları
cavablandırılıb.
Avqust ayı ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə aqroturizmdən ISO standartlarına,
sənayedən rəqəmsal biznesə qədər müxtəlif istiqamətlərdə
sahibkarlarla görüşlər keçirilib. Qadın sahibkarlığı, gənclərin
biznes fəaliyyətinə təşviqi, bağçılıq, heyvandarlıq, pambıqçılıq və
idxal-ixrac əməliyyatları da biznes subyektləri ilə müzakirə edilən
mövzular sırasındadır.
Görüşlər həm onlayn, həm də oflayn formatlarda Bakı, Sumqayıt,
Naxçıvan şəhərlərində, Biləsuvar, Masallı, Qəbələ, Ağcabədi,
Ağstafa, Xaçmaz və İsmayıllı rayonlarında təşkil edilib.
Görüşlərdə sahibkarların müraciət və təklifləri dinlənilib,
dövlət dəstəyi alətləri barədə məlumat verilib, çətinliklərinin
həlli aidiyyəti qurumlarla birgə müzakirə edilib. Həmçinin,
sahibkarlıq sahəsində yeniliklər və qanunvericiliyin tələbləri
biznes subyektlərinin diqqətinə çatdırılıb.
Ümumilikdə görüşlərdə 200-dən çox sahibkar iştirak edib.
Sentyabr ayında keçiriləcək görüşlərlə bağlı məlumatı sahibkarlar
KOBİA-nın saytından öyrənə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).