Bakı. Trend:
2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni – yaranmasının 30 illiyini
qeyd edir.
Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi
Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda
aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.
Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik
bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr
arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya
media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində
lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu
regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.
Tətbiqi etnosiyasi tədqiqatlar institutunun direktoru,
qazaxıstanlı politoloq Talqat Kaliyev agentliklə
əməkdaşlıq və Trend-in fəaliyyəti ilə bağlı öz təəsüratlarını
bölüşüb.
“Qazaxıstanda qardaş ölkə, bizim ən yaxın tərəfdaş və müttəfiq
olan Azərbaycandakı hadisələri diqqətlə izləyirlər . Məhz bu
səbəbdən Trend BİA bizim üçün istər Azərbaycanda, istərsə də
bütövlükdə regionda gedən proseslərlə bağlı ən vacib və ən nüfuzlu
məlumat mənbəyi hesab olunur. Bu gün bir çox qazaxıstanlılar üçün
Trend əsas informasiya mənbələrindən birinə çevrilib”, – deyə o
bildirib.
Onun sözlərinə görə, Trend-in müxbirləri tərəfindən hazırlanan
analitik materiallar regionun iqtisadi vəziyyəti ilə bağlı
təsəvvürün formalaşmasında müstəsna rol oynayır.
“İstənilən investor yeni bazara çıxmazdan əvvəl ölkədəki
vəziyyəti diqqətlə öyrənməyə çalışır: siyasi durumu, həyata
keçirilən islahatları, iqtisadi meyilləri. Bu kontekstdə Trend-in
təqdim etdiyi keyfiyyətli analitika xüsusi rol oynayır. Elə
təsadüfi deyil ki, internetdə Azərbaycan haqqında məlumat
axtarışında Trend-in materialları aparıcı mövqelər tutur”, – deyə
Kaliyev söyləyib.
Politoloq vurğulayıb ki, Trend İnformasiya Agentliyinin dərc
etdiyi materiallar bütün dünyada tələbat görür və mühüm rol
oynayır.
“İnformasiya bolluğu şəraitində eksklüzivliyin dəyəri dəfələrlə
artır. Trend jurnalistlərinin əsas beynəlxalq meydanlarda fəaliyyət
göstərməsi isə analizin üfüqlərini əhəmiyyətli dərəcədə
genişləndirməyə və geniş spektrli amilləri nəzərə almağa imkan
verir. Bütün bunlar onların materiallarına xüsusi dərinlik və
yüksək keyfiyyət bəxş edir”, – deyə o əlavə edib.