
Bakı. Trend:
Trend İnformasiya Agentliyi Mətbuat Şurasının diplom və
təşəkkürnamələləri ilə təltif edilib.
Tədbirdə Mətbuat Şurasının sədri, agentliyin baş direktorunun
müavinləri, xəbər xidmətlərinin rəhbərləri, əməkdaşlar iştirak
ediblər.
Mətbuat Şurasının sədri Rəşad Məcid media
qurumunun ölkə jurnalistikasının inkişafında, informasiya
təhlükəsizliyinin təminində və peşəkarlıq prinsiplərinin
qorunmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki,
Trend-in fəaliyyəti həm milli media mühitinin zənginləşməsinə, həm
də Azərbaycanın dünyada obyektiv şəkildə təmsil olunmasına mühüm
töhfə verib.
Rəşad Məcid əlavə edib ki, agentliyin peşəkar komandası yeni
media çağırışlarına çevik uyğunlaşaraq, informasiya bazarında
etibarlılıq nümunəsi ortaya qoyub. Onun sözlərinə görə, bu uğurlar
gələcəkdə də Azərbaycan mediasının inkişafına töhfə verəcək mühüm
təcrübədir.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini,
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Sevil
Mikayılova yubiley tədbirində çıxış edərək bildirib ki,
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə medianın
inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub.
“Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq
Azərbaycan jurnalistikasında müxtəlif adlar altında fəaliyyət
göstərən redaksiyaların inkişafı üçün lazım olan mühit yaradılıb.
Bu, həmin media qurumlarının özlərini sərbəst hiss etmələrinə və
müstəqil fəaliyyıt göstərmələrinə şərait yaradıb, ölkəmizin ümumi
inkişafına töhfə vermələri ilə nəticələnib. Prezident İlham Əliyev
və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın media sahəsinə
göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan
mətbuatı müasir inkişaf yolu ilə gedir və biz hər zaman bu diqqət
qayğıya ya görə dövlətimizə minnətdarlığımızı ifadə edirik”, – deyə
o vurğulayıb.
S.Mikayılova daha sonra bildirib ki, Trend 30 il ərzində
informasiya məkanında etibarlı xəbər mənbəyi kimi cəmiyyətə xidmət
göstərib, obyektivliyi və operativliyi ilə oxucuların inamını
qazanıb.
Sevil Mikayılova Mətbuat Şurasının göstərdiyi diqqət və
dəyərləndirməyə görə təşəkkürünü ifadə edib. Onun sözlərinə görə,
bu, jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir
və gələcək fəaliyyət üçün əlavə stimul yaradır.
Daha sonra Rəşad Məcid Trend İnformasiya Agentliyinə Mətbuat
Şurasının diplomunu təqdim edib. Bununla yanaşı, agentliyin bir
sıra əməkdaşları da fəaliyyətlərində göstərdikləri xidmətlərə görə
təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis
olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından
birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində
yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də
beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə
edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və
idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik
materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də
region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi
fəaliyyətini uğurla davam etdirir.