Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir – Hafiz Paşayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə
irəliləyir.

Trend
xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev bu
gün Bakıda keçirilən 49-cu ICPC Beynəlxalq Universitetlərarası
Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının açılış mərasimində
çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan çoxsaylı beynəlxalq iri miqyaslı
tədbirlərə ev sahibliyi edib və Beynəlxalq Universitetlərarası
Proqramlaşdırma Müsabiqəsinin (“ICPC”) Dünya Finalı onların
arasında xüsusi əhəmiyyət kəsb edir:

“Məhz ona görə ki, bu, dünyanın ən nüfuzlu universitetlərinin
gənc tələbələrinin yarışıdır. Yarış iştirakçılardan riyaziyyat,
mühəndislik və məntiq sahələrində qeyri-adi bilik və keyfiyyətlərə,
eləcə də komandada işləmək, tənqidi düşünmək və sürətlə innovativ
həllər hazırlamaq bacarığına sahib olmağı tələb edir”.




Rektor vurğulayıb ki, Azərbaycan texnoloji tərəqqiyə doğru fəal
şəkildə irəliləyir:

“Biz inanırıq ki, təhsilə sərmayə qoymaq və biznes
təşəbbüslərini dəstəkləmək davamlı inkişafı və ölkənin rifahını
təmin etməyin ən səmərəli yollarıdır. Yeni innovativ İT
ekosisteminin formalaşması getdikcə ölkənin qlobal biznes
reytinqindəki mövqeyini və rolunu müəyyən edəcək. Bakıda ICPC Dünya
Finalına ev sahibliyi etmək bu yolda mühüm addımdır. Əminik ki, bu
tədbir ölkəmizdə İT inkişafının irəliləməsində mühüm mərhələyə
çevriləcək və Azərbaycanın qlobal diqqətini cəlb edəcək”.

“Hörmətli iştirakçılar, siz artıq qalibsiniz, çünki
finaldasınız. Ümid edirəm ki, yarışdan əlavə olaraq siz Bakını da
kəşf etmək imkanı əldə edəcəksiniz. Mən təşkilatçılardan xahiş
edirəm ki, sizə bunu etmək üçün kifayət qədər vaxt versinlər”, –
deyə H.Paşayev əlavə edib.