Azərbaycanda “Google”, “Microsoft” və “OpenAI”nin mərkəzləri yaradıla bilər

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda gələcəkdə “Google”, “Microsoft”, “OpenAI” və digər
şirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər.

Trend xəbər
verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu
gün Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalının açılış
mərasiminin kuluarlarında jurnalistlərə bildirib.

O bildirib ki, bu gün Bakıda keçirilən ICPC-nin 49-cu dünya
finalında 70 ölkədən 140 komanda iştirak edir:




“Bu tələbələr IT, kompüter elmləri sahəsinin ən aparıcı, ən
əlaçı tələbələridirlər və gələcəkdə böyük şirkətlərdə işləyən
mütəxəssislər – mühəndislər, proqramçılar olacaqlar.

Bu yarışmanın Azərbaycanda keçirilməsi, həm ölkəmizin imicinin,
prestijinin inkişafına dəstək verəcək, həm də Azərbaycanda IT
texnologiyaların, kompüter elmlərinin, kompüter sənayesinin
inkişafına dəstək olacaq. Eyni zamanda, Azərbaycanda gənc nəsil
proqramçıların yetişdirilməsinə, tərbiyəsinə və təhsilinə mühüm
təsir göstərəcək”.

“Bu yarışmanın gedişatına böyük şirkətlər – “Google”, “Microsoft”, “OpenAI” və digərləri baxırlar, izləyirlər. Buradakı
şagirdləri, tələbələri işə götürürlər. Beləliklə, bu şirkətlərin də
Azərbaycanla əlaqələri güclənir. Azərbaycanda gələcəkdə həmin
şirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər. Bu
da nəticədə ölkəmizdə IT sahəsinin inkişafına dəstək olacaq”, –
deyə F.İsmayılzadə vurğulayıb.