
Bakı. Trend:
İran regionda sülh və sabitliyin möhkəmlənməsi istiqamətində
Azərbaycan və Ermənistan arasındakı razılaşmanı dəstəkləyir.
Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Çində
Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
Onun sözlərinə görə, İran, eyni zamanda, Cənubi Qafqazda
regiondan kənar qüvvələrin istənilən iştirakına qarşıdır.
Pezeşkian bildirib ki, bu əsasda İran qonşu ölkələrlə
münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə
çalışır.
“İran və Türkiyə arasında ticarət dövriyyəsinin artması üçün iki
ölkənin bank və gömrük əməkdaşlığının sadələşdirilməsinə ehtiyac
var. İran iki ölkə münasibətlərinin yüksəldilməsi və əməkdaşlığın
inkişafı qarşısındakı ehtimal olunan maneələrin aradan qaldırlması
prosesinin sürətləndirilməsində əməkdaşlıq etməyə hazırdır”, – deyə
o qeyd edib.
İran prezidenti deyib ki, İran ölkənin nüvə hüququnun rəsmən
tanınması əsasında və qarşılıqlı uduş-uduş çərçivəsində ABŞ ilə
danışıqlar aparmağa hazırdır. Avropa üçlüyünün öz öhdəliklərini
yerinə yetirmədiyinə görə, BMT Təhlükəsizlik Şurasının İran
əleyhinə sanksiyalarını bərpa etməyi nəzərdə tutan “snapback”
mexanizmini tətbiq etmək hüququ yoxdur. Bu mexanizm tətbiq olunduğu
halda ikitərəfli danışıqlar və qarşılıqlı əlaqələrə zərbə
dəyəcək.
Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki,
İranın dinc məqsədli nüvə fəaliyyətləri sahəsində qanuni haqqı var.
“Snapback” mexanizminin aktivləşməsinin heç bir xeyri yoxdur.
“İki ölkənin birgə əməkdaşlıq ali komissiyasının iclasının tez
bir zamanda keçirilməsi əhəmiyyət kəsb edir. Bu məqsədlə İrana
səfər edəcəyəm”, – deyə o qeyd edib.