
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Dədə Qorqud” tankeri
təmir olunub.
Şirkətdən Trend-ə verilən məlumata görə, təmir zamanı gəminin
sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmləri, baş
göyərtəsi təmizlənərək rənglənib. Bundan başqa, gəmi üzrə bütün
klapanlar bərpa olunub, ağac emalı, gövdə-qaynaq və
elektrik-quraşdırma işləri həyata keçirilib.
Tankerdə rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni
avadanlıqlar quraşdırılıb. Belə ki, 1 dəst “MF/HF” tipli stasionar
radiostansiya və siqnal paylayıcısı istifadəyə verilib. Həmçinin
girokompas, radar və komanda yayım qurğusunun sıradan çıxmış
hissələri yeniləri ilə əvəzlənib.
Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb
və prosesdən sonra tanker yenidən istismara qaytarılıb.
Qeyd edilib ki, “Dədə Qorqud” tankerinin uzunluğu 149,9 metr,
eni 17,3 metr, yükgötürmə qabiliyyəti isə 13,8 min tondur.