
Bakı. Trend:
Çinin Tyançjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq
Təşkilatının (ŞƏT) sammiti rəsmi gündəmlə yanaşı, Avrasiya
geosiyasətində bir sıra dərin struktur dəyişikliklərini də
aşkarladı. Əsas nəticə təşkilatın genişlənməməsi oldu ki, bu da
konsensus prinsipinin birbaşa nəticəsi idi.
İlk baxışdan quru bürokratik termin arxasında Hindistanın
beynəlxalq arenada radikal şəkildə dəyişən rolu və onun
Azərbaycanla getdikcə güclənən qarşıdurması dayanır. Bu qarşıdurma
artıq kənar maraqlar toqquşması çərçivəsindən çıxaraq çoxtərəfli
institutların fəaliyyətini sarsıdan amilə çevrilir.
Dehlinin Azərbaycanın ŞƏT-ə üzvlüyünü birtərəfli qaydada
bloklaması əslində düşünülmüş strateji addımdan daha çox, Hindistan
xarici siyasətində getdikcə açıq şəkildə özünü göstərən revanşist
əhval-ruhiyyənin məhsuludur. Burada tarixi paralellər göz
önündədir: daxildə zəiflik hissi yaşayan dövlətlər onu sərt və çox
vaxt məntiqsiz xarici mövqe ilə kompensasiya etməüyə çalışır,
konkret maraqların təminindən çox rəqiblərin simvolik “cəza”sına
yönəlirlər.
Dehli ilə Bakının qarşıdurmasının əsası “Azərbaycan – Pakistan –
Hindistan” üçbucağında formalaşır. Azərbaycan müstəqilliyinin ilk
illərindən İslamabadın Kəşmir məsələsindəki mövqeyini tam
dəstəkləyir. Bu, yalnız diplomatik bəyanatlarla məhdudlaşmır, həm
də beynəlxalq təşkilatlarda ardıcıl səsvermə ilə təsdiqlənir. Bakı
mütəmadi olaraq Hindistanın Cammu və Kəşmir üzərində nəzarəti
möhkəmləndirməyə yönəlmiş təşəbbüslərinə qarşı çıxır. Cavabında
Pakistan isə Azərbaycanın ərazi bütövlüyünə “dəmir-beton” dəstək
nümayiş etdirir – istər hər iki Qarabağ müharibəsində, istərsə də
postmünaqişə dövründə.
Dehli bu ittifaqı geosiyasi realizm məntiqində deyil, ideoloji
prizmadan qəbul edir. Hindistanda iqtidarda olan, baş nazir
Narendra Modinin rəhbərlik etdiyi “Bharatiya Canata” Partiyasının
hakimiyyəti dövründə Hindistan siyasəti hinduist “sivilizasiya
qalası” obrazı üzərində qurulub. Bu paradiqmada Pakistanla hər
hansı yaxınlaşma praqmatizm deyil, Hindistan kimliyinə qarşı
düşmənçilik jesti kimi dəyərləndirilir.
Hindistanda islamofobiya meyllərinin artması faktlarla
təsdiqlənir. “Pew Research Center”in məlumatına görə, hinduistlərin
64 faizindən çoxu İslamı “yad din” hesab edir, 2014-cü ildən sonra
müsəlman icmalarına qarşı zorakılıq isə təxminən iki dəfə artıb. Bu
daxili dinamika birbaşa olaraq xarici siyasətə də proyeksiya
olunur. Hindistan diplomatiyası artıq rasional maraqlardan deyil,
ideoloji revanşizmdən çıxış edir.
Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə dair açıq şəkildə
bildirib: “Bizim üçün qardaşlıq münasibətləri hər şeydən üstündür”.
Bakının bu yanaşması Dehlinin məntiqi ilə kəskin kontrast təşkil
edir: Azərbaycan Pakistan və Türkiyə ilə strateji dərinlik üzərində
ittifaqa arxalanarkən, Hindistan bunun cavabında inciklik və
simvolik intiqam xəttini seçir.
Klassik nümunə – Hindistan tərəfinin Azərbaycanın ŞƏT-ə
müraciətini bloklamasıdır. Bu qərar faktların fonunda irrasional
görünür. Son beş ildə Bakı Mərkəzi Asiyada mövcudluğunu fəal
şəkildə genişləndirib: Qazaxıstan və Özbəkistanla ticarət
dövriyyəsi 35 faizdən çox artıb, Azərbaycan Türkmənistanla strateji
enerji sazişi imzalayıb, 2024-cü ildə isə Transxəzər marşrutu ilə 9
milyon tondan artıq yük daşınıb. ŞƏT üçün Azərbaycanın qoşulması
Xəzər regionu ilə əlaqələrin güclənməsi və “Orta dəhliz”lə
nəqliyyat inteqrasiyası demək olardı.
Hindistan isə bu prosesi bloklamaqla əslində özünə qarşı
oynayır. Cənubi Qafqazda təsir imkanlarını artırmaq, yeni enerji və
nəqliyyat kanalları açmaq əvəzinə, Dehli dünyaya yalnız öz
zəifliyini nümayiş etdirir. Faktiki olaraq Hindistan zərbəni
Azərbaycana yox, ŞƏT-in institusional güclənməsində maraqlı olan
Çinə vurur. Nəticədə Pekin Pakistanın mövqeyini gücləndirmək üçün
əlavə arqument qazanır ki, bu da avtomatik olaraq Hindistanın
təşkilat daxilindəki çəkisini azaldır.
Kontrast xüsusilə Pakistanla Ermənistanın yaxınlaşması
nümunəsində aydın görünür. İslamabadla müttəfiqlik münasibətlərinə
baxmayaraq, Bakı bu prosesə mane olmadı. Hətta 2023-cü ildə İrəvan
və İslamabad arasında diplomatik münasibətlərin qurulması
Azərbaycan-Pakistan oxuna kritik təsir göstərmədi. Bu, Bakının
yetkinliyini göstərir: o, qısamüddətli emosional reaksiyalardan
deyil, uzunmüddətli sabitlik kateqoriyalarından çıxış edir.
Hindistan isə tam əksinə davranır. O, bloklayır, sabotaj edir,
təcrid edir – amma konstruktiv gündəm irəli sürmür. Nəticədə Dehli
özünü təsir alətlərindən məhrum edən dövlət mövqeyinə düşür.
Mövcud vəziyyət heyrətamiz dərəcədə ABŞ-ın 1960-cı illərdə Latın
Amerikasındakı siyasətini xatırladır. O zaman Vaşinqton Kuba və
sosializmdən doğan qorxu ilə bütün regionu təcrid etmiş, bununla da
sovet təsirinin artmasına şərait yaratmışdı. Hindistan eyni səhvi
təkrar edir: strateji genişlənmə əvəzinə ideoloji düşmənçilik
xəttini seçir və nəticədə bu siyasət ən çox onun öz əleyhinə
işləyir.
Hindistanın “Ermənistana dəstək” bəyanatları strategiya deyil,
Dehlinin köhnə anti-Pakistan və anti-Türkiyə ritorikasının yan
məhsuludur. Halbuki region çoxdan başqa qaydalarla yaşayır:
dəhlizlərə nəzarət, tranzit rəqəmləri, enerji kontraktları və
diplomatik mühəndislik. Burada şüarlar deyil, resurslar, müqavilə
imzalamaq qabiliyyəti və çıxış imkanları önəmlidir.
Hindistan bu parametrlərin heç birində Cənubi Qafqazın “birinci
liqasına” daxil deyil – və aşağıdakı faktların hər biri bunu
təsdiqləyir.
Hindistan üçün Qafqaz istiqamətində yeganə real “quru” xətti
İran üzərindən – Beynəlxalq Nəqliyyat Dəhlizi (MTK) və Çabahar
limanı ilə bağlıdır. 2024-cü ilin mayında Hindistan İranla
Çabaharın istismarı üçün 10 illik müqavilə imzaladı. Amma ABŞ
dərhal sanksiya riskləri barədə xəbərdarlıq etdi. Bu isə Hindistan
logistikası üçün siyasi həssaslıq yaradır.
Kağız üzərində MTK marşrutu Süveyşlə müqayisədə yolu təxminən
30–40% qısaldır. Amma real yük axınları İran infrastrukturundakı
“boğaz” səbəbindən məhduddur. Halbuki Azərbaycanın Orta dəhlizi tam
başqa miqyas nümayiş etdirir: 2024-cü ildə TITR üzrə yükdaşımalar
60% artdı, konteyner tranziti isə demək olar ki, iki dəfə böyüdü.
Ələt limanı və modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu illik
5 milyon tona qədər buraxılış gücü ilə fəaliyyəti bərpa etdi.
Hindistan isə bu proseslərə heç bir aidiyyəti olmayan ölkədir.
2024-cü ildə Hindistanın Azərbaycanla ikitərəfli ticarəti 1
milyard dollardan az olub, Gürcüstanla təxminən 200 milyon,
Ermənistanla isə 200–300 milyon dollar civarındadır. Müqayisə üçün:
təkcə Azərbaycanın Çinlə ticarəti 3,7 milyard dolları keçib.
Energetika daha da aydın göstəricidir. Avropa İttifaqı və
Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz tədarükünü iki dəfə
artıraraq 20 milyard kubmetrə çatdırmaq barədə razılaşıb. 2024-cü
ildə isə Avropaya artıq 13 milyard kub qaz göndərilib. Bu,
infrastruktur və uzunmüddətli kapitaldır. Hindistan isə bu oyunda
yoxdur.
Hindistan həqiqətən də Ermənistanın silah təchizatçısına
çevrilib: Swathi radiolokasiya kompleksləri, Pinaka reaktiv
sistemləri, ATAGS artilleriya və Akash raketlərinin göndərilməsi
planları. Ümumi müqavilələrin dəyəri 1,5 milyard dollardan çox
qiymətləndirilir. Amma bu, strateji balansı dəyişmədi. 2023-cü ilin
sentyabrında Azərbaycan cəmi bir sutkada Qarabağ üzərində nəzarəti
bərpa etdi, 2024–2025-ci illərdə isə danışıqlar sülh sazişi
mərhələsinə gəlib çatdı. Balansı silah yox, dəhlizlərə nəzarət və
diplomatik təşəbbüslər müəyyənləşdirir.
Daha önəmlisi, 2025-ci il sentyabrın 1-də Pakistan və Ermənistan
diplomatik münasibətlər qurdu. Elə həmin gün Hindistanın Qafqazdakı
“anti-Pakistan oyunu” məntiqi yoxa çıxdı.
Əsl danışıqlar platformaları Brüssel, Vaşinqton və birbaşa Bakı
ilə İrəvan arasında olub. ABŞ və Aİ vasitəçi, Türkiyə və Rusiya isə
regional təminatçı rolunu oynayıb. Hindistan bu proseslərdə nə
vasitəçi, nə də müşahidəçi kimi iştirak edib.
Energetika sahəsində Cənub Qaz Dəhlizi regionun əsas strateji
layihəsi kimi ön plana çıxır. Buraya 40 milyard dollardan artıq
sərmayə qoyulub və Avropa ilə uzunmüddətli müqavilələr imzalanıb.
Bu infrastruktur həm geosiyasi, həm də iqtisadi baxımdan regionun
gələcəyini müəyyənləşdirir. Hindistan isə bu mexanizmlərə çıxış
imkanı olmayan ölkə olaraq kənarda qalır.
Ticarət müstəvisində Çin və Türkiyə artıq özlərini əsas
tərəfdaşlar kimi təsdiqləyiblər. Həm mal dövriyyəsi, həm də tranzit
həcmləri durmadan artır. Azərbaycanın bu iki ölkə ilə iqtisadi
inteqrasiyası ildən-ilə güclənir. Hindistanın göstəriciləri isə
müqayisə olunmayacaq dərəcədə zəifdir və regionun iqtisadi
xəritəsində real çəki qazandırmır.
Müdafiə sahəsində isə Türkiyə və Pakistan Azərbaycanla
institusional çərçivələrdə möhkəmlənmiş əməkdaşlığa malikdirlər.
Şuşa Bəyannaməsi və “üç qardaş” formatı artıq regional
təhlükəsizlik arxitekturasının mühüm elementlərinə çevrilib.
Hindistan isə bu mexanizmlərdə iştirak etmir və nəticə etibarilə
regional təhlükəsizlik sisteminin kənarında qalır.
Hindistan “ONGC Videsh” şirkəti vasitəsilə AÇQ konsorsiumunda və
BTC neft kəmərində iştirak edir. Bu, Azərbaycanla praqmatik
münasibətlərin əsası ola bilərdi. Amma Dehli bunun əvəzinə
Ermənistanı anti-Pakistan siyasətinin simvolik alətinə çevirdi.
Nəticədə Hindistan regionun ən zəif halqasına siyasi kapital
yatırır.
Cənubi Qafqaz “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə
işləyən meydan deyil. Burada qalib gələnlər real qovşaqlara – qaz
kəmərlərinə, limanlara, dəmir yollarına nəzarət edənlərdir.
Azərbaycan özünü əsas nəqliyyat-enerji mərkəzi kimi
möhkəmləndirib, qaz ixracını artırıb və regionun tranzit xəritəsini
yenidən qurub. Hindistan isə birbaşa çıxışsız, İran üzərindən
sanksiya riskli marşruta bağlı və cüzi ticarətlə kənarda qalıb.
Dehlinin Ermənistan xəttinə “Pakistan və Türkiyəyə qarşı alət”
kimi güvənməsi sadəcə sadəlövhlük deyil – bu, Hindistanı regionda
marjinallaşdırır. Qafqazda rol qazanmaq üçün Hindistan
infrastruktur, kontraktlar və maraqlar balansı dilində danışmalı
idi. Hazırda isə onun bu real oyunçular klubunda yeri yoxdur.
Tarixi təcrübə göstərir ki, böyük dövlətlər təsirini
koalisiyalar qurmaqla və pozitiv gündəm təklif etməklə
gücləndiriblər. Əksinə, inciklik və intiqam üzərində qurulan
siyasət tarixən iflasa məhkum olub. Roma müttəfiqlərinə hüquq və
infrastruktur təqdim edirdi; Britaniya imperiyası, bütün
ziddiyyətlərinə baxmayaraq, ticarət və siyasi institutların
sistemini formalaşdırmışdı. Müasir Hindistan isə böyük güc olmaq
iddiası ilə çıxış edərkən, daxili sərtlik və dialoqa qapalı siyasət
ucbatından süquta uğrayan imperiyaların yolunu təkrarlamaq riski
daşıyır.
Azərbaycanın qarşısını kəsməklə Hindistan nə öz təhlükəsizliyini
gücləndirir, nə də Pakistanı zəiflədir. Əksinə, özünü diplomatik
dalana salır, potensial tərəfdaşları uzaqlaşdırır və Dehlini
konstruktiv şərik yox, qəfil gərginlik və qarşıdurma mənbəyi kimi
görənlərin düşərgəsini gücləndirir.
Azərbaycan isə praqmatizm və strateji tərəfdaşlıq məntiqi ilə
hərəkət etməklə mövqelərini möhkəmləndirir, bir daha göstərir ki,
dövlətin əsl gücü başqalarını bloklamaq qabiliyyəti ilə deyil,
möhkəm və qarşılıqlı faydalı ittifaqlar qurmaq bacarığı ilə
ölçülür.

