IRU 2050-cı ilə qədər avtonəqliyyatın karbonsuzlaşdırılması üzrə yol xəritəsi təqdim edib (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

“IRU Green Compact” nəqliyyat sahəsinin qlobal karbonsuzlaşdırma
hədəflərinə nail olması üçün aydın bir yol xəritəsini
müəyyənləşdirir və eyni zamanda insanlar, icmalar və biznes üçün
nəqliyyat xidmətlərini təmin etməyə davam edir.

Bunu Trend
verdiyi özəl müsahibədə IRU baş katibi Umberto de Pretto
bildirib.

“TIR sisteminin sərhədlərin kəsişdiyi zonalarda CO2
emissiyalarını 90%-ə qədər ixtisar etməyə imkan verdiyi sübut
olunub. “Green Compact IRU” CO2 emissiyalarının ölçülməsi ilə bağlı
well-to-wheel (enerji mənbəyindən çarxa kimi) kimi kompleks
yanaşmadan istifadə etməklə beş əsas istiqamətdə götürülən ölçüləri
tədqiq edir, sistemləşdirir və izləyir. Birinci istiqamət
alternativ yanacaq növləridir – elektrik, hidrogen, biodizel,
bioqaz və e-yanacaq da daxil olmaqla aşağı və sıfır karbonlu enerji
mənbələrinin sürətlə tətbiqi”, – deyə baş katib qeyd edib.

O, səmərəli logistikanın – rəqəmsallaşdırma, avtomatlaşdırma,
intellektual marşrut planlaşdırması, ekoloji yük maşınlarının
istifadəsi və daşımaların vaxtının optimallaşdırılmasının
vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, enerji baxımından səmərəli nəqliyyata
nəqliyyat vasitələrinin materiallarının və konstruksiyasının –
təkərlərin, mühərriklərin, sürtgü yağlarının təkmilləşdirilməsi və
avtoparkın yenilənməsi daxildir.

“Biz effektiv sürücülərin roluna – o cümlədən, monitorinq,
təlim, ixtisasartırma və sertifikatlaşdırma məsələlərinə böyük
diqqət ayırırıq. Bundan az əhəmiyyətli olmayan məsələ isə kollektiv
mobilliyin inkişafıdır: inteqrasiya olunmuş biletlərin və
cədvəllərin tətbiqi, xidmət tezliyinin artırılması, terminalların
və infrastrukturun inkişafı, eləcə də dayanıqlı hərəkət
formalarının təşviqidir”, – de Pretto bildirib.

O vurğulayıb ki, IRU üzvləri 2050-ci ilə qədər nəqliyyat
sektorunda sıfır karbon səviyyəsinə nail olmaq öhdəliyini
üzərlərinə götürüblər.




“Lakin müxtəlif ölkə və regionlarda nəqliyyat və enerji
vəziyyəti əhəmiyyətli dərəcədə fərqli olur. Bir ölkədə karbon
neytrallığına nail olmağa kömək edən həllər başqa ölkə üçün uyğun
olmaya bilər. Bu, həm qonşular, həm də müxtəlif qitələrdə yerləşən
dövlətlər üçün eyni dərəcədə keçərlidir”, – baş katib əlavə
edib.

De Prettonun sözlərinə görə, məhz buna görə də “Green Compact”
məlumatların toplanmasında, həllərin sınaqdan keçirilməsində və
miqyaslandırılmasında regional çevikliyə əsaslanır. Hazırkı
araşdırmalar əsasında dünyanın bütün regionlarında, bütün avtomobil
daşımaları növlərində və siyasətin müxtəlif inkişaf səviyyələrində
tətbiq edilə biləcək yeni modellər və alətlər hazırlanır.

“Green Compact şirkətlərə və dövlət qurumlarına nəqliyyatın
karbonsuzlaşdırılması və dayanıqlı siyasətin planlaşdırılması üçün
iki əsas alət təklif edir. Birinci alət – Alternativ Yanacaq və
Enerji Səmərəliliyi Modeli (AFEM) – dinamik nəqliyyat vasitəsi
hərəkətini təqlid edən modeldir. O, yürüş dövrlərini, sürücü və
avtomobil xüsusiyyətlərini nəzərə alaraq hərəkət dinamikasını
modelləşdirir. AFEM CO₂ emissiyalarını və enerji istehlakını
qiymətləndirməyə imkan verir ki, bu da müxtəlif güc qurğularını və
həlləri operativ şəkildə müqayisə etməyə şərait yaradır”, – o
deyib.

Baş katibin sözlərinə görə, ikinci alət isə Karbonsuzlaşdırma
üzrə Yol Xəritəsi Markeridir (DRM) – avtomobil yükdaşımalarda illik
CO₂e emissiyalarını hesablamaq üçün proqram təminatıdır. DRM yük
dövriyyəsi haqqında məlumatlardan istifadə edərək müxtəlif tipli
yük maşınları, yüklənmə dərəcəsi və hərəkət dövrləri ilə virtual
reyslər yaradır. O, logistikanın virtual reyslərə təsirini və
texnologiyaların hərəkət fizikasinə təsirini AFEM ilə inteqrasiya
hesabına nəzərə alır. Bu alət keçmiş emissiya mexanizmlərini təhlil
etməyə və karbonsuzlaşdırma üzrə yol xəritələrini modelləşdirməyə
imkan verir.

Onun sözlərinə görə, gələcəkdə bunun daha da
mükəmməlləşdirilməsi üçün bir neçə istiqamət mövcuddur. Xüsusilə,
hüquqi parçalanmanı aradan qaldırmaq, rəqəmsallaşdırmanı inkişaf
etdirmək (bu isə multimodal dəhlizlərdə interoperabelliyin
artırılmadan mümkün deyil) və tədarük zəncirlərinin dayanıqlılığını
təmin etmək vacibdir.

De Prettonun fikrincə, eyni zamanda Xəzər dənizinə də diqqət
yetirmək lazımdır. Onun səviyyəsinin enməsi regionun nəqliyyat
sabitliyi üçün narahatedici siqnaldır. Bu, yükdaşımaların
həcmlərinə təsir göstərir. Bundan başqa, Xəzər dənizi fırtınalara
çox həssasdır ki, bu da obyektiv olaraq RO-RO və RO-PAX xətlərinin
potensialını və dayanıqlılığını məhdudlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir