
Bakı. Trend:
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
komissiyası Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının
“Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan
Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat
yayıb.
Trend
bəyanatı təqdim edir:
“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
komissiyası bildirir ki, avqustun 27-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə”
telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası
ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya
kampaniyasına start verilib.
Monitorinq zamanı müəyyən olunub ki, aparıcının Zəngəzur dəhlizi
ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara
əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya
təhrif olunmuş formada rus oxucusuna təqdim edilir.
Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq
məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər
saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna
malik radikal mövqeli şəxslər vasitəsilə aparılır.
Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və
məhdudlaşdırılmış feysbuk, instaqram və “X” kimi platformalardan,
habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media
profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə
edilib.
Kampaniyada diqqət çəkən digər bir element isə Azərbaycanın
sosial media seqmentinin hədəfli reklamlar vasitəsi seçilməsi və
orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici
fikirlərin yer almasıdır.
Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların
Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür
fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək
qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir.
Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini “Z”
blogerlərin fəaliyyətində axtarmaq lazımdır.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya
aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu
qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı
tədbirləri davam etdirir”.