Kanadalı professor Diaspor Komitəsində olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Kanadanın Riyazi Elmlərin Araşdırılması üzrə
Fields İnstitutunun direktoru professor Deirdre Haskellə
görüşüb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Qonağı səmimi salamlayan komitə sədri Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasəti barədə
danışıb, xaricdə yaşayan azərbaycanlıların vahid diaspor
şəbəkəsinin yaradılması ideyası haqqında məlumat verib.

Görüşdə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilən
Forumu, azərbaycanlı elm adamlarının nüfuzlu xarici araşdırma
mərkəzləri və ali təhsil ocaqları ilə əməkdaşlıqları, bu
əməkdaşlıqlar çərçivəsində aparılan birgə elmi tədqiqatlar,
konfranslar, təlimlər barədə geniş məlumat verilib. Qeyd olunub ki,
hazırda dünyaca məşhur ali məktəblərdə, elmi araşdırma
mərkəzlərində yüzlərlə azərbaycanlı alim çalışır, onların
ixtiraları bir çox yerlərdə tətbiq olunur. Azərbaycan dövləti
xaricdəki alimlərin fəaliyyətlərini hər zaman diqqətdə saxlayır,
ölkəmizlə əlaqələrinin möhkəmlənməsinə xüsusi önəm verir.




Səmimi qəbula görə təşəkkürünü bildirən Deirdre Haskell
Azərbaycana ilk dəfə gəldiyini və ilk səfərin onda xoş təəssüratlar
yaratdığını xüsusi qeyd edib. Kanadalı professor bildirib ki,
azərbaycanlı alimlərin uğurları və ölkəmizdə beynəlxalq
standartlara uyğun kadrların hazırlanması barədə məlumatlıdır,
alimlər arasında elmi mübadilənin genişlənməsinə də böyük maraq
göstərir.

Komitə sədri Fuad Muradov Fields İnstitunun icra etdiyi
layihələrə Azərbaycan diasporundan riyaziyyatçı alimlərin cəlb
olunmasının vacibliyini vurğulayıb, komitənin həmin layihələrə
qanunvericilik çərçivəsində hər hansı dəstəyin göstərilməsi
istiqamətində imkanlarını qonağın diqqətinə çatdırıb.

Qonaq həmçinin, əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı
ADA Universitetində olduğunu diqqətə çatdırıb, burada tələbələr və
alimlər üçün yaradılan şərait barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, Fields İnstitutunun ömürlük mükafatına layiq
görülmuş ilk azərbaycanlı alim Məsud Əfəndiyev bir neçə ildir ki,
komitə ilə adıçəkilən institut arasında əlaqələrin yaradılması və
inkişaf etdirilməsində yaxından iştirak edir. Görüşdə elmi
əməkdaşlıqların vacibliyini diqqət mərkəzinə gətirən Məsud
Əfəndiyev dünyanın müxtəlif ölkələrinin elmi ictimaiyyəti ilə
xaricdəki azərbaycanlı alimlərin əlaqələrin yaranmasında və
intensivliyində Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi rol
oynadığını vurğulayıb.