
Bakı. Trend:
6-12 oktyabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə –
2025” keçiriləcək.
Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv
ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye
sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında
qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf
etdirilməsi məqsədi daşıyır.
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi tədbir ölkəmizin
beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda
multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə
verdiyi töhfəni bir daha nümayiş etdirəcək.
Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi,
İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin
təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat,
təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv
dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı
sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi
nəzərdə tutulur.
Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət
rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm,
mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə
mütəxəssislərin iştirakı gözlənilir. Ümumilikdə festival
çərçivəsində beş mindən çox iştirakçı bir araya gələcək.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin
yüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu”
(MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər
sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino
proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış
dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq
sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri
ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.