Qafqazdan Mərkəzi Asiyaya “yaşıl” dəhlizlərin yaradılması üzrə təşəbbüslər əhəmiyyətli həcmdə investisiyalar tələb edəcək – “Moody’s”

Baş səhifə

Bakı. Trend:

Qafqaz və Mərkəzi Asiyadan Avropaya “yaşıl” enerji dəhlizlərinin
yaradılması təşəbbüsləri əhəmiyyətli həcmdə investisiyalar tələb
edəcək

Bu barədə Trend
“Moody’s”ə istinadən xəbər verir.

Reytinq agentliyi 2024-cü ilin noyabrında keçirilən BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasında (COP29) Azərbaycan, Qazaxıstan və
Özbəkistanın Xəzər “yaşıl” enerji dəhlizinin inkişafı üzrə strateji
tərəfdaşlıq imzaladığını xatırladır.

Layihə Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkiyə (Ba3, sabit)
və Avropa İttifaqını (Aaa, sabit) külək və günəş enerjisi əsasında
istehsal olunan elektrik vasitəsilə Xəzər dənizi üzərindən
planlaşdırılan, uzunluğu 400 km olacaq sualtı kabel ilə
birləşdirməyi nəzərdə tutur. Bu kabel Qazaxıstanı Azərbaycanla
əlaqələndirəcək.




“Hazırda layihə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur
İnvestisiya Bankının (Aaa, sabit) dəstəyi ilə texniki-iqtisadi
əsaslandırma mərhələsindədir. Layihənin mühüm tərkib hissəsini isə
planlaşdırılan Qara dəniz sualtı kabeli ilə bağlantı təşkil edir.
Bu, uzunluğu 1200 km olacaq yüksək gərginlikli beynəlxalq
interkonnektor vasitəsilə həyata keçiriləcək və Azərbaycanla
Gürcüstana bərpa olunan mənbələrdən istehsal olunan elektrik
enerjisini Avropaya ixrac etmək imkanı verəcək. Layihə 2022-ci ilin
dekabrında Macarıstan (Baa2, mənfi), Rumıniya (Baa3, mənfi),
Gürcüstan və Azərbaycan arasında imzalanmış strateji saziş
çərçivəsində icra olunur. Sonradan bu dörd ölkə onun həyata
keçirilməsi üçün “Green Energy Corridor Power Company” adlı şirkət
təsis edib”, – deyə “Moody’s”in son hesabatında qeyd olunur.

Avropa Komissiyası dəyəri 3,8 milyard avro həcmində
qiymətləndirilən Qara dəniz sualtı kabeli layihəsinin nəzərdə
tutulan xərclərinin maliyyələşdirilməsi üçün 2,3 milyard avro
ayırıb. Obyektin istismara verilməsi 2029-cu ilə
planlaşdırılıb.

“ Günəş və külək enerjisinin Avropaya ixracı üzrə bu
təşəbbüslərin mühüm potensialının olmasına baxmayaraq, onlar
genişmiqyaslı investisiyalar tələb edəcək”, – deyə hesabatda
vurğulanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir