
Bakı. Trend:
Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunda 2050-ci ilə qədər
istixana qaz emissiyalarının azaldılması üzrə qarşısına hədəf
qoymuş yeganə ölkədir.
Trend xəbər verir
ki, bu barədə “Moody’s”in son hesabatında deyilir.
“Asiya İnkişaf Bankının məlumatlarına əsasən, 2030-cu ilə qədər
karbonsuzlaşdırma hədəfinə nail olmaq üçün Mərkəzi Asiya və Qafqaz
ölkələrinə təxminən 120 milyard dollar investisiya lazım gələcək
ki, bu da ÜDM-nin təqribən 14 faizini təşkil edir.
Bu investisiyaların əsas hissəsi ilk növbədə su enerjisi ilə
bağlı olmayan bərpa olunan mənbələrdən elektrik enerjisinin
istehsalına, eləcə də, enerji səmərəliliyinin artırılması və şəbəkə
infrastrukturunun inkişafına yönləndirilməlidir”, – deyə “Moody’s”
analitikasında qeyd olunur.
Hesabatda vurğulanır ki, regiondakı bütün ölkələr 2030 və ya
2050-ci illərə qədər emissiyaların azaldılması üzrə hədəflər elan
ediblər, lakin bu hədəflərin miqyası və iddialılığı fərqlidir.
Regionun ən böyük emissiya istehsalçısı olan Qazaxıstan 1990-cı
il səviyyələri ilə müqayisədə 2030-cu ilə qədər istixana qaz
emissiyalarını qeyd-şərtsiz 15 faiz, şərti olaraq isə 25 faiz
azaltmağı öhdəsinə götürüb. Qlobal Atmosfer Araşdırmaları üzrə
Emissiyalar Bazası məlumatına görə, 2023-cü ildə Qazaxıstanda
adambaşına düşən emissiya 15,99 ton CO₂-ekvivalenti təşkil edib ki,
bu da Azərbaycandakı (6,17 ton), Özbəkistandakı (6,14 ton),
Gürcüstandakı (5,13 ton) və Qırğızıstandakı (3,11 ton)
göstəricilərdən xeyli yüksəkdir.
Region ölkələrinin əksəriyyəti mütləq azalma hədəflərini
izləyir, lakin Özbəkistan istisna təşkil edərək 2010-cu illə
müqayisədə 2030-cu ilə qədər ÜDM-in hər vahidinə düşən emissiyaları
35 faiz azaltmaq məqsədini müəyyənləşdirib. Bunun əksinə olaraq,
Ermənistan 1990-cı il səviyyəsindən 40 faiz aşağı emissiyaya
2030-cu ilə qədər nail olmağı planlaşdırır.