
Bakı. Trend:
“Xankəndi” Futbol Klubu yeni mövsüm üçün məşqçi qərarını
açıqlayıb.
“Xankəndi” FK-nın Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, komanda ötən mövsüm “Xankəndi”ni Region Liqasının
çempionluğuna daşıyan türkiyəli mütəxəssis İbrahim Uzunca ilə
əməkdaşlığını davam etdirəcək.
Bildirilib ki, futbol ictimaiyyətində yaxşı tanınan 63 yaşlı,
UEFA PRO kateqoriyasına sahib təcrübəli çalışdırıcı ilə bir illik
müqavilə imzalanıb. İbrahim Uzunca TFF 1-ci Liqasında çalışmış və
həm Türkiyə, həm də Azərbaycan futbolunda dərin iz qoymuş
mütəxəssislərdəndir.
Uzuncanın karyerası ərzində Azərbaycanda “Lokomotiv Biləcəri”,
“Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo” Bakı klublarında
baş məşqçi kimi fəaliyyəti olub. Türkiyədə isə “Adana Demirspor”,
“Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ
“Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” klublarını
çalışdırıb.
Məşqçiliyə 1995-ci ildən başlayan Uzunca, 30 ilə yaxın peşəkar
təcrübəsi ilə bu gün də futbolun inkişafına töhfə verməkdədir.
Bu müqavilə ilə “Xankəndi” FK İkinci Liqada da uğurlu nəticələr
əldə etməyi hədəfləyir.

