
Bakı. Trend:
Böyük Britaniyada on minlərlə xarici tələbəyə hökumət tərəfindən
xəbərdarlıq olunub ki, vizalarının müddəti bitdikdən sonra ölkədə
qaldıqları halda deportasiya ediləcəklər.
Trend BBC-yə
istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi yeni hökumət
kampaniyasını tələbə vizası ilə ölkəyə daxil olub müddət bitdikdən
sonra sığınacaq üçün müraciət edənlərin sayındakı təhlükəli artım
səbəbilə başlatdığını bildirib.
Nazirlik ilk dəfə olaraq xarici tələbələrlə birbaşa SMS və
elektron poçt vasitəsilə əlaqə saxlayıb.
Daxili işlər naziri İvet Kuper açıqlamasında bəzi tələbələrin
sığınacaq üçün müraciət etdiyini, halbuki onların ölkəsində
vəziyyətin dəyişmədiyini vurğulayıb.
Rəsmi məlumatlara görə, iyun ayına qədərki bir il ərzində
sığınacaq müraciətlərinin təxminən 13 faizi, yəni 14 min 800
müraciət, Böyük Britaniyada təhsil vizası ilə olan şəxslər
tərəfindən edilib. Ən çox müraciət 5 min 700 nəfər olmaqla Pakistan
vətəndaşlarından gəlib. Sonrakı yerləri Hindistan, Banqladeş və
Nigeriyadan olan tələbələr tutub.
Nazirlik bildirib ki, tələbə vizası sahiblərinin sığınacaq
müraciətləri əvvəlki illə müqayisədə azalsa da, bu göstərici
2020-ci illə müqayisədə demək olar ki, altı dəfə artıb. Bununla
yanaşı, neçə nəfərin vizasından artıq qaldıqdan sonra sığınacaq
üçün müraciət etdiyi açıqlanmayıb.