
Bakı. Trend:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın
2-də davam etdirilib.
Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən
açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)
təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,
habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə
qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi
varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və
vəzifələrini izah edib.
Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və
zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs Ayaz Nəzərovun hüququ varisi – anası Sima
Tanrıverdiyeva dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını
cavablandırarkən bildirib ki, oğlu düşmənin təxribatı nəticəsində
Kəlbəcərdə həlak olub.
Zərərçəkmiş şəxs Qərib Qasımovun hüququ varisi – atası Şahbaz
Qasımov ifadəsində oğlunun Ermənistan ordusunun qalıqları və
qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş
nəticəsində Xocavənddə həlak olduğunu bildirib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay
Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Rəvan
Cəfərovun hüququ varisi Məhəmmədəli Cəfərov ifadəsində oğlunun
Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində həlak
olduğunu deyib.
Zərərçəkmiş şəxs Mirzə Ağayev ifadəsində bildirib ki, düşmənin
açdığı atəş nəticəsində Xocavənddə yaralanıb.
Digər zərərçəkən Zakir Mirzəyev ifadəsində qeyd edib ki,
Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri
tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində
Xocavənddə, Qırmızı Bazar istiqamətində xəsarət alıb.
Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran
zərərçəkən Asim Musayev qeyd edib ki, Kəlbəcərin Söyüdlü yaylağında
mal-qara otararkən düşmən tərəfindən 30-dan çox top mərmisi atılıb,
nəticədə o və yanında olan şəxslər yaralanıb, 350-dən çox heyvan
isə tələf olub.
Zərərçəkən Atamalı Məlikov ifadəsində bildirib ki, düşmən
tərəfindən Xankəndi ərazisində artilleriya atəşinə məruz qalıb,
qarın boşluğundan və kürəyindən yaralanıb. Yaralarına görə 6 dəfə
əməliyyat olunub.
Zərərçəkən Namiq Həşimov qeyd edib ki, içərisində olduğu təcili
tibbi yardım maşını üzərində tanınma işarəsi olsa da, Ağdam
istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni
silahlı dəstələri tərəfindən atəşə tutulub, nəticədə özü və daha 5
nəfər yaralanıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkən Mədət
Sabirzadə ifadəsində deyib ki, düşmənin Xocalıda törətdiyi təxribat
zamanı açılan atəş nəticəsində yaralanıb, yanında olan 5 nəfər isə
həlak olub.
Zərərçəkən Təhrun Əsgərov ifadəsində vurğulayıb ki, Ağdərə
istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni
silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində kəllə-beyin
travması alıb.
Turan Balaşzadə ifadəsində qeyd edib ki, qardaşı Röyal Balaşzadə
düşmən tərəfindən Kəlbəcər rayonu istiqamətində snayper silahı ilə
vurulub və o, həlak olub.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında
zərərçəkən Sadiq Məmmədəli bildirib ki, Kəlbəcər istiqamətində
düşmənin açdığı artilleriya atəşi nəticəsində ayağından
yaralanıb.
Zərərçəkən Əziz Əzizov ifadəsində deyib ki, o, Xocavənddə
Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri
tərəfindən minaatandan açılan atəş nəticəsində kəllə-beyin travması
alıb.
Zərərçəkən Bəhlul Ağayev vurğulayıb ki, Xocavənddə düşmən
tərəfindən açılan atəş nəticəsində sol qolundan yaralanıb, bir
nəfər isə həlak olub.
Fuad Qurbanlı düşmən tərəfindən açılan atəş nəticəsində Ağdərə
istiqamətində yaralandığını, sağ ayağının dizdən aşağı hissəsinin
amputasiya olunduğunu, Xəyal Məsimov və Nurlan Rəfizadə minaatandan
açılan atəş nəticəsində yaralandıqlarını bildiriblər.
Zərərçəkən Ürfan Məmmədov ifadəsində Xocavəndə düşmənin açdığı
artilleriya atəşi nəticəsində çoxsaylı qəlpə yarası və kəllə-beyin
travması aldığını, 3 yoldaşının həlak olduğunu söyləyib.
Pərvin Allahverdiyev Xocavəndində düşmənin snayperdən açdığını
atəş nəticəsində qolundan yaralandığını, Elsevər Axundov Ağdərədə
düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığında
partlaması nəticəsində qolundan, ayağından yaralandığını,
kəllə-beyin travması aldığını diqqətə çatdırıblar.
Zərərçəkən Nemət Bağırov Daşkəsən rayonunun ərazisində düşmən
tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində Xəyal
Süleymanovun və Cavidan Bədəlovun həlak olduqlarını, özünün isə
yaralandığını deyib.
Həsən Məhiyəddinli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi
ərazisində düşmənin onun içərisində olduğu maşını atəşə tutması
nəticəsində yaralandığını söyləyib.
Radim Qaraxanov bildirib ki, Ağdam rayonunda Ermənistan
ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən
açılan atəş nəticəsində xəsarətlər alıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını
cavablandıran zərərçəkən Hacı Bağırov deyib ki, Ağdərə rayonu
ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin
yaxınlığında partlaması nəticəsində o, Nəsimi Hacıyev və Vüsal
İbrahimov xəsarət alıblar.
Tural Əzimov və Məhəmməd Bağıyev düşmən tərəfindən açılan atəş
nəticəsində Ağdam rayonunda, Həzrət İsmayılov isə Ağdərədə
yaralandıqlarını söyləyiblər.
Zərərçəkən Qoşqar Şərbətov ifadəsində qeyd edib ki, Xocavənd
rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı
dəstələri tərəfindən açılan atəş nəticəsində yaralanmış şəxsləri
təxliyə edən zaman düşmənin üzərində fərqləndirici nişan olan
təcili tibbi yardım avtomobilinə atdığı mərmi nəticəsində xəsarət
alıb.
Digər zərərçəkənlər – Nurəli Şıxaliyev, Rasif Məhərrəmov,
Məzahir Əliyev, Amin Məmmədov, Cavid Şirvanov, Müslüm Əliyev, Şahin
Səfərov, Ümid İbrahimli, Şəhriyar İsgəndərov, Eldəniz Dadaşov,
Əmrah Həsənov, Vüsal Abbaslı, Şirin Həşimov, Kənan Sofiyev, Əmir
Nəbiyev, Cəmaləddin Mikayıllı və Kənan Mustafayev ifadələrində
düşmənin təxribatı nəticəsində xəsarətlər aldıqlarını
bildiriblər.
Sonra zərərçəkən Amid Quliyevin elan edilib. Bildirilib ki,
düşmənin Xocalı rayonunun Fərrux kəndində, meşəlikdən açdığı atəş
nəticəsində hər iki ayağının dizdən aşağı hissəsindən güllə
xəsarətləri alıb.
Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan
məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),
112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113
(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və
adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,
116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,
29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.