Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ankarada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial
Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində
əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclası
keçirilib.

Bu barədə Trend
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat
verilib.

İclasdan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar
Əliyev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın
görüşü olub. Görüşdə sosial sahədə ikitərəfli əməkdaşlığın mövcud
vəziyyətinə, növbəti iclasın gündəliyinə dair fikir mübadiləsi
aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Birgə Daimi
Komissiyanın iclasında Azərbaycan Prezidenti İlham Əliyev və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə qardaş
ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyi və 2021-ci
ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik
səviyyəsinə yüksəldiyi vurğulanıb. Digər sahələrdə olduğu kimi,
əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın
yüksək səviyyədə olduğu bildirilib. Ötən dövrdə bu sahələrdə
imzalanmış əməkdaşlıq sənədlərinin, Birgə Daimi Komissiyanın
fəaliyyətinin əlaqələrin genişlənməsində önəmi diqqətə
çatdırılıb.

İclasda gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması, əməyin
mühafizəsi, peşə hazırlığı, pensiya təminatı, rəqəmsal xidmətlərin
tətbiqi və s. sahələrdə qarşılıqlı təcrübə və məlumat
mübadilələrinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Eləcə
də sosial müdafiə sahəsində əməkdaşlığa dair ötən dövrlərdə
imzalanmış Sazişin hər iki ölkədə əmək və sosial müdafiə
sahələrində son illər aparılan islahatlar, rəqəmsal xidmətlərin
inkişafı fonunda müasir tələblərə uyğun şəkildə yenilənməsinin
məqsədəuyğun olduğu bildirilib.

Anar Əliyev və Vedat İşıkhan keçirdikləri brifinqdə Komissiyanın
iclasının yekunları barədə məlumat verib, ortaq maraq doğuran
sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini
diqqətə çatdırıblar.

Sonra nazirlər Birgə Daimi Komissiyanın 12-ci iclasının
Protokolunu imzalayıblar. Sənədə əlavə olunan 2026-2027-ci illər
üzrə Tədbirlər Planında iki Nazirlik arasında qeyd edilən dövrdə
aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, əlilliyi olan
şəxslərin və digər həssas qrupların məşğulluğunun artırılması, əmək
miqrasiyası, əməyin mühafizəsinin təkmilləşdirilməsi və təlim
infrastrukturunun inkişafı, qeyri-formal məşğulluğun qarşısının
alınması, pensiya təminatı, sosial sığorta, əmək bazarının
monitorinqi və proqnozlaşdırılması, rəqəmsal texnologiyaların
tətbiqi və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri,
məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Türkiyə
Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə də tanış olub.