
Bakı. Trend:
İran qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan,
Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə yükdaşıma və
tranzit sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirir.
Trend-in
məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq
İran parlamentinin abadlıq komitəsinin üzvlərinin iştirakı ilə
keçirilən iclasda deyib.
Onun sözlərinə görə, İranda tranzit və yükdaşıma sahəsində
layihələr və dəhlizlər əhəmiyyəti nəzərə alınaraq diqqət mərkəzində
saxlanılır.
Sadiq bildirib ki, bu istiqamətdə Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi
çərçivəsində əməliyyatlar davam etdirilir. Hazırda dəmiryolu
xəttinin keçdiyi ərazinin mülkiyyətinin satın alınması işləri
yekunlaşdırılıb.
İranlı nazir qeyd edib ki, ölkədə Çabahar-Zahidan dəmiryolu
xəttinin tikintisi sürətlə davam etdirilir. Bu dəmiryolu xəttinin
tezliklə başa çatdırılacağına ümid edilir.
Sadiq deyib ki, İran və İraq arasında Şələmçə-Bəsrə dəmiryolunun
tikintisinin gələn ildə başa çatdırılacağı gözlənilir.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və
Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir
sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan
Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,
Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,
Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,
Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin
yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və
Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır
(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir
yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il
tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran
ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq
istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti
Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti
Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.
Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən
Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və
İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan
Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu
dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub
Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz
ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə
əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard
avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay
ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

