Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar

Baş səhifə

Bakı. Trend:

Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi
sosial-mədəni səbəblərə istinad yetərli deyil, dəyişiklik üçün
şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin
olması tələb olunur.

Trend xəbər
verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati
kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı
mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul
edib.

İşin hallarına görə, iddiaçı adının daha yaxşı səsləndiyini
düşündüyü başqa adla, soyad və ata adının isə onun həyatında,
təhsilində, tərbiyəsində, böyüməsində və inkişafında daha çox rolu
olmuş nənəsinin və anasının adlarına uyğun dəyişdirilməsini
istəyib, cavabdeh inzibati orqanın imtinasından sonra isə məhkəməyə
müraciət edib.

Birinci və apellyasiya instansiyası məhkəmələri iddianı təmin
etməyib.

Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə
müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, şəxsi ad, soyad
və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən
biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət
edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri
olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə
əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak
edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və
həyata keçirmək imkanından məhrum edə bilər. Digər tərəfdən, ad
hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və
dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Bu
hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli,
ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və
azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib
olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini
dəyişməməlidir.

Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi
hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən
edilir:




  • uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə
    uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir;
  • İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata
    adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər
    tətbiq edilə bilər.

İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə
aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər
hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil
ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin
işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli
adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər
məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai
maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə
fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət
yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq
oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai
maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.

Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin
edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ,
özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə
adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik
olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr
və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin)
aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad
etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də onun
məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən
məhrumiyyətlərin təsdiq olunub-olunmadığına diqqət
yetirməlidir.

Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı
real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir.
Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni
səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün
kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən
gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam
etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır.

Həmçinin adın, ata adının və soyadın verilməsi ilə müqayisədə
dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və
izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də, daha
real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə
alınmalıdır.

Ali Məhkəmə qərarında qeyd edib ki, iddiaçının fərdi marağı onun
şəxsi kimliyinin, emosional və psixoloji rahatlığının təmin
olunmasına yönəlib və cavabdeh imtinası ilə onun şəxsi həyatına
müdaxilə etmişdir. Lakin hazırkı işin halları baxımından cavabdehin
imtinası zəruri və legitim ictimai maraqlara mütənasib olmuşdur.
İddiaçının sadəcə simvolik və emosional motivasiyalara əsaslanan
ad-soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai
maraqlardan üstün tutulması üçün yetərli deyil.

Yuxarıda şərh edilənlərə əsasən, Ali Məhkəmə iddiaçının
şikayətini təmin etməyib, apellyasiya instansiyası məhkəməsinin
qərarı qüvvədə saxlanılıb.