
Bakı. Trend:
Azərbaycan və Asiya İnkişaf Bankının (AİB) arasında
iqtisadiyyatın bir sıra sahələri üzrə tərəfdaşlığın daha da
dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Belə ki, Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanı
təmsil edən İcraçı direktor xanım Reyçl Tompsonun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıqdan
məmnunluq ifadə olunub, bu əməkdaşlığın kreditlər, qrantlar və
texniki yardım vasitəsilə ölkəmizin sosial-iqtisadi inkişafına
əhəmiyyətli töhfələr verdiyi qeyd edilib.
Görüşdə AİB-nin 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə
Tərəfdaşlıq Strategiyası (ÖTS) ilə bağlı məsələlər diqqət
mərkəzində olub. Bildirilib ki, strategiya ölkə iqtisadiyyatının
şaxələndirilməsi, dayanıqlılığın gücləndirilməsi və inklüziv
artımın təmin edilməsinə yönəlmiş kompleks tədbirləri əhatə
edir.
Nazir Sahil Babayev Azərbaycan iqtisadiyyatının dayanıqlı
inkişaf və makroiqtisadi sabitlik nümayiş etdirdiyini vurğulayaraq,
kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye
istehsalı, logistika və yaşıl enerji sahələrində iqtisadi
şaxələndirmənin uğurla aparıldığını bildirib. Həmçinin, “Bakı
şəhəri və Abşeron yarımadasında 2025–2034-cü illər üçün su
təchizatı, tullantı sularının idarə olunması və yağış sularının
axıdılması sistemlərinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı”
çərçivəsində bir sıra layihələrin maliyyələşdirilməsi, Bakı
Metropoliteni xətlərinin genişləndirilməsi, eləcə də ölkənin
dəmiryolu infrastrukturunun modernləşməsi istiqamətində AİB-nin
dəstəyini qeyd edib.
Öz növbəsində xanım Reyçl Tompson Azərbaycan ilə AİB arasında
əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və qarşıdakı
dövrdə bu tərəfdaşlığın daha da dərinləşdiriləcəyinə əminliyini
ifadə edib.

