
Bakı. Trend:
Milli Məclis Azərbaycan Respublikasının bir sıra beynəlxalq
sazişlərini ratifikasiya edəcək.
Trend xəbər
verir ki, bununla bağlı məsələlər Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın
10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Sözügedən sazişlər aşağıdakılardır:
- “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna
2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi. - “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin
ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli
fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri
üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi. - “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil
olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq
Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın
İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və
maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi. - “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf
Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi
ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik
Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”nun təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
Komitənin həmin iclasında həmçinin “Dabaq Xəstəliyinə
Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi də müzakirə
ediləcək.