Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Baş səhifə

Bakı. Trend:

3 sentyabr 2025-ci il tarixində 41 dövlət orqanında inzibati
vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 126 vəzifənin tutulması
məqsədilə daxili müsahibə elanı verilib.

Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 6-sı
inzibati vəzifələrin dördüncü təsnifatına, 25-i beşinci
təsnifatına, 9-u altıncı təsnifatına, 86-sı isə yeddinci
təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması
üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan
Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti (11 vəzifə) tərəfindən
təqdim olunub.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 8-i
Naxçıvan Muxtar Respublikasının 4 dövlət orqanı, 77-si isə 24 yerli
icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə
sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə
üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi
vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və
maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət
xidmətlərinin daha əlçatan olmasına imkan verir.




Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna
malikdir:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati
vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun
ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya
ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən
dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 sentyabr
2025-ci il tarixindən 17 sentyabr 2025-ci il saat 18:00-dək
Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla
qeydiyyatdan keçməlidirlər.