
Bakı. Trend:
Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin
(ICPC) 49-cu dünya finalı çərçivəsində Azərbaycanın ilk
proqramçısı, görkəmli pedaqoq, “Şöhrət” ordenli alim Ramin
Mahmudzadənin 90 illik yubileyinə həsr olunmuş “R.M. 90”
proqramlaşdırma müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Bu barədə Trend İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə
istinadən xəbər verir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin
rektoru Elçin Babayev müsabiqənin əhəmiyyətindən bəhs edərək
qalibləri təbrik edib.
Mərasim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə
Heyətinin sədri Fərid Osmanovun çıxışı ilə davam edib. Çıxış
nitqində o, ICPC yarışlarının ölkəmizə gətirilməsində Ramin
Mahmudzadənin əvəzsiz rolunu vurğulayaraq qaliblərin də məhz ICPC
dünya finalında təltif olunmasını ruhlandırıcı və gələcək uğurlara
təşviqedici bir addım olduğunu qeyd edib.
Daha sonra İRİA-nın İdarə Heyətinin sədr müavini Şahin Əliyev və
Azərbaycan Respublikası Mərkəzi Bankının departament direktoru
Əfqan Abbasovun iştirakı ilə “ICPC-dən Rəqəmsal cəmiyyətə”
mövzusunda panel müzakirələri ilə keçirilib. Panel sessiyası zamanı
texnologiya və rəqəmsal inkişaf, eləcə də Ramin müəllimin tədris
etdiyi dərslər zamanı yaddaqalan xatirələr müzakirə edilib.
Panel sessiyasından sonra qaliblərin mükafatlandırma mərasimi
baş tutub. İlk yerin qalibləri Bakı Dövlət Universiteti, ADA
Universiteti, Bakı Ali Neft Məktəbi, 2-ci yer üzrə ADA
Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası və
3-cü yer üzrə qaliblər Bakı Dövlət Universiteti, Marmara
Universiteti, Fransa- Azərbaycan Universitetinin tələbələri
olublar.
Qeyd edək ki, “R.M 90” proqramlaşdırma müsabiqəsi İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyi, Bakı Dövlət Universiteti, ICPC
Azərbaycan icması və “Caspian Event Organisers” şirkətinin birgə
təşkilatçılığı ilə 8 avqust tarixində Bakı Dövlət Universitetində
baş tutmuşdu. Yarışda ali təhsil müəssisələrində təhsil alan və
proqramlaşdırmaya marağı olan 50-ə qədər tələbə iştirak edərək 4
saat ərzində xüsusi proqramlaşdırma tapşırıqlarını həll
etmişdilər.