Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq?

Baş səhifə

Bakı. Trend:

Demək olar ki, hər il bu aylarda uşaq bağçalarında yerlərin az
olması, uşaqların bağçalarda yer ala bilməməsi valideynlərin
narazılığına səbəb olur.

Bağçalarda yer çatışmazlığının səbəb nədir? Qarşısının
alınması istiqamərində hansı işlər görülməlidir?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən
(MÜTDA)
Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda
ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma
göstəricisi 38% təşkil edir.

“Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi
qarşıya qoyulan əsas hədəflərdəndir. “Azərbaycan Respublikasının
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda
məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara
nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Hazırda ölkə
ərazisində 1669 dövlət, 177 – özəl məktəbəqədər təhsil müəssisəsi
fəaliyyət göstərir. Dövlət bağçalarının tutumu təxminən 119 min
nəfərlikdir.

Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin
tabeliyinə verildiyi tarixdən indiyədək 18 yeni bağça istifadəyə
verilib. Mövcud müəssisələrin 334-ü Bakıda fəaliyyət göstərir,
digərləri regionların payına düşür. Paytaxtda əhalinin məskunlaşma
səviyyəsi yüksək olduğundan bağçalara qəbul zamanı müəyyən sıxlıq
müşahidə olunur. Bunu aradan qaldırmaq üçün alternativ təhsil
modellərindən uğurla istifadə olunur (icma əsaslı məktəbəqədər
təhsil qrupları, özəl-dövlət tərəfdaşlığı ilə bağlı qrant layihəsi,
ailə tipli təlim qrupları).

Alternativ modellərlə yanaşı, bağça infrastrukturunun
genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Növbəlilik və
prioritetlik prinsipi əsasında məktəbəqədər təhsil müəssisələri
inşa edilir”, – məlumatda deyilir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri,
təhsil eksperti Əmrah Həsənli
Trend-ə bildirib ki, bağçalarda yer
çatışmazlığı probleminin kökündə bir neçə mühüm amil dayanır.

“İlk olaraq qeyd etmək lazımdır ki, demoqrafik artım, xüsusilə
də paytaxt və iri şəhərlərdə əhalinin sıxlaşması mövcud
infrastrukturun tələbatı qarşılaya bilməməsinə səbəb olur. Digər
tərəfdən, bir çox hallarda yeni yaşayış massivləri sürətlə tikilsə
də, paralel olaraq məktəbəqədər təhsil müəssisələrinin inşası həmin
sürəti tutmur. Nəticədə yeni yaranmış məhəllələrdə ailələr bağça
problemi ilə üz-üzə qalır. Mövcud bağçalarda isə qrup sayı və
pedaqoji heyətin çatışmazlığı yerlərin məhdud olmasına gətirib
çıxarır.

Bu məsələnin qarşısını almaq üçün bir neçə istiqamətdə addımlar
atılmalıdır. İlk növbədə, dövlət investisiyalarının yönəldildiyi
layihələrdə hər yeni yaşayış kompleksinə paralel bağça və ibtidai
məktəb tikintisinin məcburi şərt kimi tətbiq olunması vacibdir.
Bununla yanaşı, özəl sektorun prosesə daha çox cəlb olunması
zəruridir. Xarici təcrübədə gördüyümüz kimi, bağçaların bir hissəsi
özəl müəssisələrin, bələdiyyələrin və hətta işəgötürənlərin üzərinə
götürülür. Bu, dövlət yükünü azaldır və valideynlərin seçim
imkanlarını genişləndirir”, – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, daha bir vacib istiqamət isə modul tipli
bağça modellərinin tətbiqidir:

“Dünyada uğurla işləyən bu sistemdə mobil, sürətlə quraşdırılan
və az xərcli bağçalar xüsusi ilə əhali sıx olan ərazilərdə
müvəqqəti çıxış yolu kimi istifadə edilir. Eyni zamanda, ev əsaslı
məktəbəqədər təhsil proqramlarının inkişaf etdirilməsi də mühüm
addım ola bilər. Məsələn, Skandinaviya ölkələrində və Kanadada
müəllimlərin nəzarətində kiçik qruplar ev şəraitində tədris alır,
bu da həm uşaqların sosial adaptasiyasına, həm də valideynlərin
rahatlığına xidmət edir”.

“Statistikaya gəlincə, hər il minlərlə uşaq bağçaya qəbul ola
bilmir və bu, təbii olaraq valideynlərdə narazılıq yaradır. Rəsmi
rəqəmlərə görə, məktəbəqədər yaşlı uşaqların yalnız bir hissəsi
dövlət bağçaları ilə əhatə olunur. Nəticədə, bir tərəfdən uşaqlar
erkən sosiallaşma və təhsil imkanlarından məhrum qalır, digər
tərəfdən valideynlər, xüsusilə işləyən analar üçün ciddi sosial
çətinliklər yaranır.

Xarici praktikadan öyrənə biləcəyimiz əsas məqam ondan ibarətdir
ki, bu problem yalnız dövlətin üzərinə qoyulmamalı, həm özəl
sektor, həm də yerli icra strukturları məsuliyyət daşımalıdır.
Azərbaycanda da belə bir model tətbiq olunarsa, həm valideyn
narazılığı azalacaq, həm də məktəbəqədər təhsilin keyfiyyəti
yüksələcək”,- deyə Ə.Həsənli vurğulayıb.




Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə
Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran
Əsədov
isə Trend-ə bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil
sahəsində ən ciddi problemlərdən biri bağçalarda yer
çatışmazlığıdır:

“Bu məsələ valideynlərin hər il kütləvi şəkildə narazılığına
səbəb olur, uşaqların sosiallaşma imkanlarını məhdudlaşdırır və
nəticədə cəmiyyətin gələcək inkişafına mənfi təsir göstərir. Dövlət
Statistika Komitəsinin məlumatına əsasən, ölkədə məktəbəqədər yaşda
olan uşaqların sayı 600 minə yaxındır, amma onların yalnız 150–160
mini bağçaya cəlb olunur. Bu, o deməkdir ki, hər il 400 minə yaxın
uşaq bağça xidmətindən kənarda qalır. Bu qədər böyük boşluğun
yaranması isə həm infrastruktur, həm idarəetmə, həm də sosial
siyasətin zəifliyi ilə bağlıdır. Mövcud qanunvericilik də problemin
həllinə real zəmin yaratmır.

“Təhsil haqqında” Qanunun 23-cü maddəsində məktəbəqədər təhsilin
uşaqların fiziki və psixoloji inkişafında mühüm rol oynadığı qeyd
olunsa da, burada dövlətin hər bir uşağa bağça yeri təmin etmək
öhdəliyi açıq şəkildə ifadə olunmur. Halbuki Finlandiya, Almaniya,
Cənubi Koreya kimi ölkələrin qanunlarında məktəbəqədər təhsilin
universallığı konstitusion hüquq kimi təsbit olunub.

Məsələn, Almaniyada “Kindergarten” sistemi dövlət və
bələdiyyələrin birbaşa məsuliyyəti altında fəaliyyət göstərir,
valideynlərin ödəniş yükü isə dövlət tərəfindən kompensasiya
edilir. Bizdə isə bağçaların böyük qismi hələ də sovet dövründən
qalan binalarda fəaliyyət göstərir, özəl bağçalar isə çox az sayda
ailənin ödəmə imkanına uyğundur”.

K.Əsədov vurğulayıb ki, problemin müsbət tərəfi kimi son illərdə
yeni bağçaların tikilməsini göstərmək olar.

“Amma bu, çox kiçik miqyasda həyata keçirilir və tələbatın artım
sürətinə cavab vermir. Məsələn, son beş ildə Bakıda 50-yə yaxın
yeni bağça istifadəyə verilsə də, təkcə paytaxtda hər il orta
hesabla 15–20 min uşaq bağça sırasına qəbul ola bilmir. Regionlarda
vəziyyət daha da acınacaqlıdır. Kənd yerlərində yüzlərlə kənd
məktəbi olsa da, bir çoxunda məktəbəqədər qruplar təşkil olunmur,
halbuki “Məktəbəqədər təhsil haqqında əsasnamə”nin 4.3 bəndində
icma bağçalarının yaradılması nəzərdə tutulub. Təəssüf ki, bu norma
kağız üzərində qalır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə
fəaliyyəti çox zəifdir.

Nazirlik yalnız tikinti proqramları barədə hesabatlar verir,
amma strateji yanaşma, uzunmüddətli proqnozlar və alternativ həll
yolları yoxdur. Hər il valideynlər uşaqlarını bağçaya qəbul
etdirmək üçün uzun növbələrdə qalır, sosial şəbəkələrdə
narazılıqlar artır, amma Nazirlik yalnız formal izahatlarla
kifayətlənir. Marifləndirmə işi aparılmır, valideynlərə alternativ
məktəbəqədər təhsil formaları barədə məlumat verilmir, özəl
sektorla əməkdaşlıq zəifdir. Nəticədə, minlərlə ailə övladını ya
evdə saxlamağa, ya da fərdi baxıcıya həvalə etməyə məcbur olur. Bu
isə həm sosial bərabərsizliyi artırır, həm də uşaqların inkişaf
imkanlarını məhdudlaşdırır”, – deyə o əlavə edib.

K.Əsədovun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, bu
problemin həlli yalnız dövlətin məsuliyyəti ilə mümkün deyil:

“Türkiyə son on ildə “100 bin yeni anaokulu” proqramı ilə
sürətli tikinti siyasəti həyata keçirərək bağça yerlərinin sayını
iki dəfə artırıb. Estoniyada isə bağçaların böyük hissəsi özəl
sektor tərəfindən idarə olunur, amma dövlət subsidiyaları hesabına
ödənişlər minimuma endirilib.

Cənubi Koreyada hər uşağa məktəbəqədər təhsil haqqı dövlət
tərəfindən ödənilir və beləliklə, heç bir valideyn bağça üçün əlavə
xərc çəkmir. Azərbaycan isə hələ də hansı modelin tətbiq
olunacağına qərar verə bilməyib. Bəzən dövlət özəlləşməyə üstünlük
verir, bəzən isə yalnız tikinti yolu ilə problemi həll etməyə
çalışır. Bu isə təhsil siyasətində pərakəndəliyin və
proqnozsuzluğun bariz nümunəsidir”.

“Əgər ölkəmizdə real islahatlar aparılmasa, hər il on minlərlə
uşaq məktəbəqədər təhsil imkanından məhrum olacaq. Bu isə bir
tərəfdən valideynlərin işgüzar fəaliyyətini məhdudlaşdıracaq, digər
tərəfdən məktəblərdə hazırlıq səviyyəsinin zəifliyinə gətirib
çıxaracaq. Nə dəyişməlidir? İlk növbədə, dövlət “hər bir uşağın
bağça hüququ var” prinsipini qanunvericilikdə təsbit etməli,
bələdiyyələrin məsuliyyəti artırılmalı, özəl sektor üçün vergi və
subsidiyalar tətbiq olunmalı, alternativ təhsil formaları
(yarımştat qruplar, icma bağçaları, ailə bağçaları)
genişləndirilməlidir.

Əks halda, Elm və Təhsil Nazirliyi yalnız tikinti planları ilə
kifayətləndiyi üçün bu problem heç vaxt həll olunmayacaq”, – deyə
K.Əsədov fikirlərini tamamlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir