
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Bibiheybət” Gəmi
Təmiri Zavodunda ötən ilin oktyabrında quraşdırılmış günəş
panelləri vasitəsilə indiyədək 112 082 kilovat-saat (kVts) enerji
hasil olunub.
Şirkətdən Trend-ə verilən məlumata görə, bəzi günlərdə enerji
hasilatı 700–800 kVts səviyyəsinə yaxınlaşıb.
Hesablamalara əsasən, ötən müddətdə təxminən 80 tona yaxın
karbon qazı (CO₂) emissiyasının qarşısı alınıb. Bu, ekoloji
baxımdan təxminən 6100 ağacın qorunmasına bərabər fayda deməkdir.
Həmçinin 43.9 ton daş kömürə qənaət olunub ki, bu da enerji
hasilatında fosil (qalıq) yanacaqlardan istifadənin azalmasını
göstərir.
Qeyd edilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunun 512
kvadratmetr ərazisində hər biri 690 Vt gücündə olan 162 ədəd günəş
paneli quraşdırılıb.
Onu da əlavə edək ki, günəş panellərinin fasiləsiz və effektiv
işləməsini təmin etmək məqsədilə sistemə texniki baxış keçirilib.
Bu çərçivədə “DAM Enerji” MMC tərəfindən panellərin, inverterlərin
və digər avadanlıqların ümumi sazlığı yoxlanılıb,həmçinin
panellərin təmizlənməsi və yuyulması işləri yerinə yetirilib.