
Bakı. Trend:
Xocavənd rayonunun Xanoba və Tağaverd kəndlərində 2-ci mərhələ
üzrə evlərin təmirinə başlanılır.
Trend-in
məlumatına görə, təmir işləri Xanoba kəndində ümumi sahəsi 4 375,8
kvadrat metr olan 26 ədəd fərdi yaşayış evini, Tağaverd kəndi üzrə
isə ümumi sahəsi 5 049 kvadrat metr olan 30 ədəd fərdi yaşayış
evlərini əhatə edəcək.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.
Qurum Xanoba kəndində sözügedən işlərin icrasını “Capitel Group”
Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 1 526 925 manat ödənilib.
Tağaverd kəndində isə qeyd olunan işlərin icrası “Frekans
Construction and Energy Company” MMC və “UĞUR Tikinti” MMC hüquqi
şəxs yaratmadan birgə fəaliyyət göstərən müəssisələr birliyinə
(konsorsium) həvalə edilib və müqavilə bağlanılıb. Müqaviləyə uyğun
olaraq şirkətə 1 921 601 manat ödənilib.
Xanoba kəndi üzrə işlərin həvalə olunduğu “Capitel Group” MMC
2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20
manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Rasim Nəcəfalı
oğludur.
Tağaverd kəndi üzrə isə işlərin icrasını yerinə yetirəcək şirkət
bu il dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan
şirkətin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur.
Qeyd edək ki, Xanoba və Tağaverd kəndləri Xocavənd rayonunun
inzibati ərazisinə daxildir və uzun müddət 1990–cı illərin Qarabağ
müharibəsi nəticəsində işğal altında olub. Sözügedən kəndlər
2020-ci il ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan
tərəfindən tam nəzarət bərpa edilmiş ərazilərdə yerləşirlər.

