
Bakı. Trend:
Unibank Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş təşəbbüslərin
daimi dəstəkçisidir. Bank bu dəfə dünyanın ən nüfuzlu intellektual
yarışlarından birinə – Bakıda keçirilən 49-cu Beynəlxalq
Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına tərəfdaşlıq
edir.
31 avqust – 5 sentyabr tarixlərində keçirilən tədbirə dünyanın
70 ölkəsindən 140 komanda qatılıb. Gənc proqramçılar yarış boyu
alqoritmik düşüncə, problem həll etmə və komanda bacarıqlarını
nümayiş etdirirlər. Azərbaycan bu finalda ADA Universiteti və Bakı
Ali Neft Məktəbi komandaları ilə təmsil olunur.
Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab
olunan müsabiqənin finalı “ICPC Foundation” təşkilatçılığı və ADA
Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi
Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə
“ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in
dəstəyi ilə keçirilir. Unibank Azərbaycan Banklar Assosiasiyası
çərçivəsində tədbirin tərəfdaşları sırasında yer alır.
Bankın bu əməkdaşlığı yalnız böyük bir beynəlxalq tədbirə dəstək
deyil. Unibank üçün bu, həm də ölkədə rəqəmsal mühitin
möhkəmləndirilməsi, gənclərin IT sahəsində bilik və bacarıqlarının
artırılmasına verilən töhfədir.