
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə Almaniyada yaşayan azərbaycanlı bəstəkar Xədicə
Zeynalovanın “Heinrix və Leyla” adlı simfonik əsəri Detmold
şəhərində yerləşən Christuskirche abidə zalında ifa olunub.
Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan və Almaniya
arasında dostluq münasibətlərinin 200 illik tarixinə həsr olunan
konsert proqramında beynəlmiləl tərkibli “Bridge of Sound” orkestri
çıxış edib.
Dirijor Fərhad Qarayusiflinin rəhbərliyi ilə səsləndirilən əsər
Şərq və Qərb musiqisinin unikal sintezini yaradaraq tamaşaçılara
dərin təsir bağışlayıb. 12 hissədən ibarət olan “Heinrix və Leyla”
əsərində Avropa klassik orkestr alətləri ilə yanaşı, Azərbaycan
muğam elementlərinə geniş yer verilib. Əsər musiqinin dili ilə
milli irsimizin zənginliyini beynəlxalq auditoriyaya çatdıraraq,
xalqlar arasında mədəni körpü rolunu oynayıb.
Bəstəkar Xədicə Zeynalova əsərin yaranma tarixindən, musiqidə
əks olunan hadisələrdən və Azərbaycan-Alman dostluğunun tarixi
köklərindən danışıb.
Almaniyalı tədqiqatçı Mayk Flek bu layihəyə görə müəllifə
təşəkkürünü bildirib və layihəni iki xalq arasında mədəni dialoqun
mühüm nümunəsi kimi dəyərləndirib.
Qeyd edək ki, uzun illərdir Almaniyada yaşayan və fəaliyyət
göstərən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniya “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin
yaradıcısı və sədri Xədicə Zeynalova Almaniyanın Mədəniyyət
Nazirliyinin 2024-cü ilin ən yaxşı bəstəkarı adına və “Artist in
Residence” nominasiyasına layiq görülüb. Almaniyada “Harmony of
sound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii
rəhbəri olan soydaşımız Detmold Konservatoriyasının və Paderborn
Universitetinin dosenti, Almaniya, Hollandiya, İngiltərə,
Azərbaycan və Yaponiyada çap edilən sayca 40-dan çox elmi kitab,
əsər və dərsliklərin müəllifidir. Xədicə Zeynalova Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinin “Nizami” adına medalına,
Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə”
medalına layiq görülüb.