Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

3 sentyabr 2025-ci il tarixində Qusar rayonunda “Zəfərimizin
sülhə aparan yolu” silsiləsindən “Prezident İlham Əliyev –
qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans
keçirilib.

Trend xəbər
verir ki, Qusar Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə
keçirilən konfransda ilk öncə Ümummilli Lider Heydər Əliyev və
respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident
İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən
müharibəsində əldə etdiyi şanlı zəfərə diqqət çəkib, habelə,
post-müharibə dönəmində sülhün əldə edilməsi üçün atılan addımların
önəmini vurğulayıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə xalqımızın erməni faşizminə qarşı mübarizədə əldə
etdiyi tarixi zəfər bütün regionda sülh və sabitlik üçün ciddi
zəmin formalaşdırdı. Azərbaycan bu tarixi zəfərlə işğal faktorunu
aradan qaldırdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra
etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünü və
suverenliyini faktiki olaraq təmin etdi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti regional sülh üçün
ciddi addımlar atmaqdadır. Cari ilin 8 avqust tarixində Vaşinqtonda
Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması
Prezidentimizin tarixi uğuru, tarixi nailiyyətidir. Bu uğur bütün
regiona imkan verir ki, gələcək rifahını sülh və təhlükəsizlik
şəraitində təmin etsin.

Mən bütün veteranları, bütün gəncləri bundan sonra da
dövlətimizin, onun Prezidentinin ətrafında sıx birləşməyə
səsləyirəm. Böyük sevinc və məmnunluq hissi ilə qeyd edirəm ki,
Qusar Rayon İcra Hakimiyyəti gənclərimiz arasında dövlətçilik
təfəkkürünün güclənməsi, veteranların, ağsaqqalların, ziyalıların
ictimai-siyasi proseslərdə, mənəvi-ideoloji işlərdə daha yaxından
iştirakını dəstəkləyir, onlara böyük diqqət və qayğı ilə yanaşır.
Bütün bu faktlar bizə imkan verir ki, dövlətimizin, xalqımızın
gələcəyi üçün daha böyük səylə çalışaq, dövlətimizin siyasətinə
töhfə verək”.

Konfransda çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı
Sahir Məmmədxanov da Prezident İlham Əliyevin uğurlu daxili və
xarici siyasətinə diqqət çəkib:




“Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük
Vətən müharibəsində əldə etdiyi zəfər təkcə dövlətimizin deyil,
bütün regionun həyatında yeni bir dönəmin başlanğıcını qoydu.
Azərbaycan xalqı bu tarixi qələbə ilə özünü tarix və dünya
qarşısında bir daha təsdiq etdi.

Bu gün bizim qarşımızda bir sıra məsələlər durur ki, bunlardan
da biri dövlət başçımızın qeyd etdiyi kimi, mənəvi dəyərləri
qoruyub saxlamaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə
xüsusi diqqət yetirmək, onların tariximizə, soykökümüzə bağlılığını
gücləndirməkdir. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət
düşür. Gənclərimizin dövlətimizin, Prezidentimiz ətrafında sıx
birləşməsi, mənəvi dəyərlərimizin qorunması, bu dəyərlərin təbliği
və inkişafı üçün veteranlarımız, ağsaqqallarımız cəmiyyətimizdə
daha aktiv rol oynamalı, ictimai proseslərdə daha yaxındna iştirak
etməlidirlər.

Ulu Öndər Heydər Əliyev veteranları xalqımızın qızıl fondu
adlandırmışdı. Onun veteranlarla bağlı işlətdiyi bu ifadə
veteranlarımıza verilən ən yüksək qiymətdir və bu qiymət bu gün də
öz aktullığını, önəmini qoruyub saxlayır”.

İcra başçısı son bir ildə rayonda görülən mühüm quruculuq,
təmir-bərpa işləri ilə bağlı da konfrans iştirakçılarına ətraflı
məlumat verib, habelə, həyata keçiriləcək layihələrdən danışıb.

Konfransın sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının Qusar Rayon Təşkilatının sədri Cavanşir
Nurməmmədov Təşkilat və eləcə də Qusar Rayon İcra Hakimiyyətinin
Fəxri Fərmanları ilə təltif edilib və öz istəyi ilə sədr
vəzifəsindən azad edilib. Qusar Rayon Ləzgi Dram teatrının
direktoru Faiq Qardaşov Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının Qusar Rayon Təşkilatına sədr seçilib.

Polkovnik Cəlil Xəlilov və Qusar Rayon İcra Hakimiyyətinin
başçısı cənab Sahir Məmmədxanov yeni sədrə fəaliyyətində uğurlar
arzulayıb, müvəffəqiyyətlər diləyiblər.