
Bakı. Trend:
“MALBI-trans” və “Carpatica Feroviar” şirkətləri Orta Dəhliz
nəqliyyat marşrutunun inkişafı çərçivəsində əməkdaşlıq sazişi
imzalayıblar. Saziş bu istiqamətdə yeni müntəzəm xidmətlərin işə
salınmasını nəzərdə tutur.
Bunu “MALBI-trans”ın baş direktoru Liliana Krutonoq Trend-ə özəl müsahibəsində
deyib.
Onun sözlərinə görə, əvvəlcə marşrut təhlil mərhələsində olub və
bu mərhələdə mümkün infrastruktur məhdudiyyətləri və ötürücülük
qabiliyyəti qiymətləndirilib. Hazırda o, aktiv şəkildə inkişaf
etdirilir, iştirakçılarının sayı isə artmaqda davam edir. İşlərə
yeni şirkətlərlə yanaşı, bu marşrutu öz müştərilərinə təklif edən
və xüsusi xidmətlər üçün müraciət edən nəqliyyat bazarının iri
oyunçuları da qoşulurlar.
“Orta Dəhlizin inkişaf etməsini statistika da təsdiqləyir: rəsmi
məlumatlara çıxış olduğu təqdirdə 2022–2025-ci illər üzrə
daşımaların həcminin artımını izləmək mümkündür”, – deyə Krutonoq
qeyd edib.
“MALBI-trans” rəhbəri bildirib ki, 2025-ci ildə şirkət mövcud
layihələri davam etdirməklə yanaşı, yeni istiqamətləri də inkişaf
etdirməyi planlaşdırır. Hazırda tenderlərdə iştirakla bağlı, o
cümlədən, Konstansa limanı üzərindən hesablamalar təklif edilən və
nəzərdən keçirilən marşrut üzrə işlər görülür.
Bundan başqa, yaxın illərdə bu istiqamətdə innovativ intermodal
avadanlığın tətbiqi planlaşdırılır.
Krutonoqun sözlərinə görə, yeni iştirakçıların, o cümlədən,
dəmiryolu operatorları və ekspeditor şirkətlərinin meydana çıxması
ilə yanaşı, bazarda alternativ xidmətlər də meydana gəlib. Belə ki,
əvvəllər dəniz seqmentində cəmi 2–3 gəmiçilik şirkəti fəaliyyət
göstərirdisə, indi onların sayı əhəmiyyətli dərəcədə artıb və Poti
limanına birbaşa reyslər də daxil olmaqla, yeni marşrutlar təklif
edirlər.
“Orta Dəhliz iki dəniz seqmenti üzərindən əlaqəni nəzərdə tutur.
Söhbət intermodal daşımadan getdiyi üçün əsas nəqliyyat vahidi
konteynerdir. Konteyner avtomobil, dəmiryolu və ya dəniz nəqliyyatı
ilə daşına bilər”, – deyə o bildirib.
Krutonoq vurğulayıb ki, mövcud marşrutlardan istifadə etməklə və
müştərilərə yeni məhsullar təklif etməklə şirkət artıq fəaliyyət
göstərən xidmətləri, o cümlədən, sistemli qatarları – məsələn,
Çexiyadan – inteqrasiya edir. Yüklər limana çatdırılır, gəmiyə
yüklənir və daha sonra dəniz seqmenti üzrə tərəfdaşların cəlb
olunması ilə daşınır. Limana çatdıqdan sonra isə yüklər keçmiş SSRİ
ölkələrini və müvafiq ittifaqlara daxil olmuş dövlətləri əhatə edən
geniş dəmir yolu sisteminə inteqrasiya olunur.