
Bakı. Trend:
Trans-Adriatik boru kəmərinin (TAP) genişləndirilməsinin birinci
mərhələsi qaz tədarükünün daha da artırılmasına yol açacaq,
Trend bu barədə
TAP AG konsorsiumuna istinadən xəbər verir.
“Mövcud ötürücülük qabiliyyətini tədricən artırmaqla, TAP
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və onun
karbonsuzlaşdırma hədəflərinə nail olmasına əlavə töhfə verə
bilər”, – deyə məlumatda deyilir.
Konsorsiumdan bildirilib ki, TAP-ın güclərinin genişləndirilməsi
bazara hər iki ildən bir keçirilən bazar sınaqları vasitəsilə
təklif olunur.
Belə ki, 2021-ci ildə keçirilmiş bazar testi zamanı boru
kəmərinin illik ötürücülük gücünün 1,2 milyard kubmetr artırılması
ilə bağlı icbari sifarişlər qəbul edilmişdi. Bu genişləndirmə üzrə
işlər planlı şəkildə irəliləyir və onların başa çatdırılması
sayəsində artıq 2026-cı ilin əvvəlindən əlavə uzunmüddətli güc
təmin ediləcək. Bu birinci mərhələ isə kifayət qədər bazar tələbi
qeydə alınarsa, ötürücülük qabiliyyətinin daha da artırılması üçün
əsas ola bilər”, – deyə TAP AG-dən bildiriblər.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda
yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.
877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində
(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və
beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik
dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi
Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci
ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan
(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı
Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,
həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının
daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz),
“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).