
Bakı. Trend:
ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycanın diplomatik və siyasi
sahədə növbəti mühüm qələbəsidir. Bu hadisə Azərbaycan və
Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində
müstəsna əhəmiyyət kəsb edir və regionda dayanıqlı sülhün təmin
olunması yolunda yeni səhifə açır.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi
imzalamaq üçün irəli sürdüyü əsas şərtlərdən biri məhz Minsk
qrupunun fəaliyyətinin dayandırılması və ləğv edilməsi olub:
“Minsk qrupu uzun illər münaqişənin həlli istiqamətində hər
hansı bir müsbət addım ata bilmədi, əksinə bəzi hallarda
münaqişənin həllini daha da mürəkkəbləşdirdi. Azərbaycan dəfələrlə
qurumun qeyri-konstruktiv mövqeyindən narazılığını ifadə etsə də,
Minsk qrupu öz fəaliyyətində heç bir müsbət dəyişiklik etməyə cəhd
göstərmədi. Bu baxımdan Minsk qrupu öz etimadını itirmişdi.
Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını
işğaldan azad etməklə regionda yeni reallıqlar yaratdı və Minsk
qrupunun fəaliyyətinin aktuallığını tamamilə aradan qaldırdı.
Nəhayət ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən tarixi
görüşdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və
Ermənistan liderləri tərəfindən imzalanmış Birgə Bəyannamədə Minsk
qrupunun ləğvi ilə bağlı müraciətin edilməsi də əksini tapdı.
Minsk qrupunun ləğvi Azərbaycanın prinsipial mövqeyinin və
diplomatik səylərinin uğurlu nəticəsi kimi qiymətləndirilir. Bu
eyni zamanda Azərbaycanın regionda sülh və sabitliyin təmin
olunması istiqamətində göstərdiyi qətiyyətli addımların növbəti
təsdiqidir”.
A.Həsənova qeyd edib ki, Azərbaycanın bu uğuru təkcə diplomatik
müstəvidə deyil, həm də regionun gələcək inkişafı baxımından mühüm
tarixi hadisə kimi yadda qalacaq:
“Bundan sonra Azərbaycanın diqqəti sülh müqaviləsinin tezliklə
imzalanmasına və regionda dayanıqlı sülhün təmin olunmasına
yönəlib. Minsk qrupunun ləğvi ilə artıq köhnəlmiş və qeyri-effektiv
mexanizmlərdən imtina edilərək, regionda yeni sülh və əməkdaşlıq
dövrünün başlanması üçün real addımlar atılır. Azərbaycanın bu
prosesdəki qətiyyəti və prinsipial mövqeyi, regionun gələcəyinin
daha firavan və sabit olacağına dair inamı artırır”.