1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar davam edib – Təqsirəndirilən şəxsin ibtidai istintaqda etirafı

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 4-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində
təqsirləndirilən şəxs Madat Babayanın ibtidai istintaqa verdiyi
ifadə elan olunub.

Trend xəbər
verir ki, onun ibtidai istintaqa ifadəsinin bir hissəsi 1992-ci il
fevral ayında baş vermiş Xocalı soyqırımı və ondan sonrakı
hadisələrlə bağlı olub.

M.Babayan ibtidai istintaqa ifadəsində qeyd edib ki, fevralın
24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək
növbəti gün, yəni 1992-ci il fevralın 25-də gecə radələrində hücuma
keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam
törədəcəklərini bildirib. Onlar komandir Arkadi Şirinyanın əmrinə
uyğun olaraq hazırlıq görməyə başlayıblar.

Hücuma keçməzdən əvvəl Xocalı şəhəri Xankəndi istiqamətində olan
yüksək dağlıq ərazidə yerləşən artileriya və reaktiv yaylım atəş
sistemlərinin yerləşdiyi mövqelərdən top, minatan və digər
təyinatlı mərmilərlə aramsız atəşə tutulub. Təxminən 30-40 dəqiqə
davam edən aramsız artileriya, minaatan və “BM-21-QRAD”
sistemlərinin atəşlərindən sonra onlar fevralın 25-dən 26-na keçən
gecə saat 24 radələrində Xocalı şəhərinə daxil olubar. Şəhərə daxil
olduqdan sonra hər iki tərəfdən avtomat, pulemyot, qumbaratanlardan
istifadə edilməklə Xocalıda qarşılarına çıxan dinc əhaliyə atəş
açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər ayaqları
yalın, qucaqlarında körpə uşaqlarla birlikdə Xocalı şəhərinin
yaxınlığından keçən Qarqar çayını keçərək yaxınlıqdakı dağlara
doğru və Ağdam rayonunun Şelli kəndi istiqamətində qaçıblar. Qaçan
şəxslər əvvəlcədən şəhərin ətrafında postlar quraraq qaçan əhaliyə
atəş açıb öldürmək üçün orada gözləyən digər erməni silahlı
qüvvələri tərəfindən güllələnib. Xocalı şəhərində evlər talanıb,
yandırılıb, qadınlar zorlanıb, insanlar çoxsaylı işgəncələrə məruz
qalıb, tank və döyüş maşınları insanların üzərindən keçərək onları
əzmişdir. M.Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca,
yaşlı demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan
və digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər
törədilsin. Ümumiyyətlə Xocalı şəhəri uzun müddət mühasirədə
olduğundan sakinlər şəhərdən çıxa bilməyib, hücum zamanı da çox az
sayda insan oradan çıxaraq xilas ola bilib.

Təqsirləndirilən şəxs bildirib ki, 1992-ci il fevralın 26-dan
martın 8-dək Xocalıda talanlar davam edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir