
Bakı. Trend:
Azərbaycanın dövlət neft şirkəti SOCAR hazırda Bolqarıstanda iki
qazpaylama layihəsini həyata keçirir.
Bunu Trend-ə
verdiyi özəl müsahibədə SOCAR-ın Balkanlardakı regional ofisinin
rəhbəri Murad Heydərov bildirib.
O qeyd edib ki, SOCAR Bolqarıstana qazın əsas
tədarükçüsüdür.
“Ötən il rekord göstəriciyə nail olmuşuq: ölkənin daxili qaz
bazarında bizim payımız təqribən 60 faiz təşkil edib. Buna həm
“Azerbaijan Gas Supply Company”, həm də SOCAR xətti ilə həyata
keçirilən tədarüklər daxildir. Ümumilikdə Bolqarıstana tədarüklərin
həcmi ötən il az qala 2 milyard kubmetr təşkil edib.
Təbii ki, Bolqarıstan bizim üçün xüsusi maraq kəsb edir.
Birincisi, ölkə Yunanıstan-Bolqarıstan İnterkonnektor (IGB) xətti
vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. İkincisi, coğrafi
mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində
Bolqarıstan tranzit ölkə kimi çox vacib rol oynayır. Biz
Bolqarıstan qaz nəqliyyat sistemindən qazımızı həm Balkan
regionuna, həm də Şərqi Avropanın digər ölkələrinə çatdırmaq üçün
istifadə edirik”, – deyə o bildirib.
M.Heydərov əlavə edib ki, şirkət, o cümlədən, Bolqarıstan
ərazisi vasitəsilə tədarük coğrafiyasını genişləndirir. “Bizim “Bulgartansgaz” şirkəti ilə çox uğurlu əməkdaşlığımız var. Biz
qazımızı, həmçinin, Balkan qaz habına da çatdırırıq. Bu hab qaz
sektorunda çox stabil əməliyyat platforması kimi tanınıb”, – deyə o
qeyd edib.
O vurğulayıb ki, SOCAR yalnız topdan qaz tədarükü ilə
məhdudlaşmır, həm də birbaşa qaz istehlakçılarına yönəlir.
“Bu baxımdan, mən hazırda həyata keçirdiyimiz iki layihəni qeyd
etmək istərdim. Birincisi – Panaqyurişte şəhərində qazpaylama
şəbəkəsinin qurulmasıdır. Əslində, söhbət bu şəhərin və bölgədə
fəaliyyət göstərən sənaye müəssisələrinin qazlaşdırılmasından
gedir. Bizim tərəfdaşımız “Asarel Energy” şirkətidir – Avropanın ən
iri mədənçilik şirkətlərindən biridir. Onların bu şəhərdə müvafiq
infrastrukturu mövcuddur. “Asarel Energy” ilə birlikdə biz bu
şəhərdəki bütün sənaye müəssisələrinə, o cümlədən, “Asarel
Energy”nin müəssisələrinə və digər müştərilərə – buraya bələdiyyə
təşkilatları və ev təsərrüfatları da daxildir – qaz tədarük
edəcəyik”, – deyə o bildirib.
M.Heydərovun sözlərinə görə, digər qazpaylama layihəsi “hibrid
qazlaşdırma” layihəsidir.
“Bu layihə ölkənin “Bulgartansgaz” şəbəkəsi ilə əlaqəsi olmayan
regionlara qazın çatdırılmasını nəzərdə tutur. Məlumdur ki,
Bolqarıstan Avropa İttifaqında qazlaşdırma göstəricisi çox aşağı
olan ölkələrdəndir. Orada hələ “Bulgartansgaz” şəbəkəsinin
çatmadığı ucqar bölgələr mövcuddur. Buna görə də sıxılmış qaz (CNG)
xüsusi nəqliyyat vasitələri ilə bu bölgələrə çatdırılır.
Hazırda bu layihəni “M-Gaz” şirkəti ilə birgə həyata keçiririk.
Bizim kifayət qədər ambisiyalı planlarımız var. Əgər bu planlar
gerçəkləşərsə, Bolqarıstanda qazpaylama üzrə ikinci yerə çıxa
bilərik. SOCAR – Bolqarıstanda topdan qaz tədarükçüləri arasında
birincidir və yaxın iki il ərzində qazpaylama sahəsində ikinci yerə
yüksəlməyi planlaşdırır”, – deyə o bildirib.
SOCAR Balkan rəhbəri, həmçinin, şirkətin Bolqarıstanda neft
məhsulları bazarındakı kommersiya mövqelərinin genişləndirilməsinin
də vacib istiqamət olduğunu qeyd edib.
“Bu kifayət qədər mürəkkəb vəzifədir, çünki burada “LUKOIL”
şirkətinin neft emalı zavodu fəaliyyət göstərir və böyük rəqabət
mövcuddur. Buna baxmayaraq, müəyyən perspektivlər var. Biz bunun
üzərində işləyirik və müəyyən nəticələr əldə etmişik. Ona görə də
neft məhsulları bazarında mövqelərin genişləndirilməsi işimizin
ciddi istiqamətlərindən biridir”, – deyə M.Heydərov əlavə edib.

