Kolleclərdə boş qalan plan yerlərinə qəbulun cavabları açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan
yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan
edilib.

Trend
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Belə ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı
DİM-in internet saytından və ya mobil
operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727
nömrəsinə göndərməklə öyrənə bilərlər.




Müsabiqədə iştirak etmək üçün 2533 abituriyent ərizə təqdim
edib. Onlardan 1014 abituriyent orta ixtisas təhsili müəssisəsinə
qəbul olunub.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant)
yerlərinə qəbul olunan abituriyentlər 10 – 17 sentyabr (saat
18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan
keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən
xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə
təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin
müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi
qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili
müəssisəsinə göndərilməyəcək.