“OpenAI” Azərbaycan tələbələrini işə cəlb etmək niyyətindədir

Baş səhifə

Bakı. Trend:

Biz Bakıda keçirilən 49-cu Beynəlxalq Universitetlərarası
Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalında tələbələrlə
işləməkdən çox məmnunuq.

Bunu “OpenAI” şirkətinin tədqiqatçısı Mostafa Rohaninejad ICPC
Dünya Finalı 2025 kuluarlarında Trend
açıqlamasında deyib.

O bildirib ki, tədbirdə çox ağıllı tələbələr, həmçinin, bir çox “OpenAI” beynəlxalq iştirakçıları da iştirak edir:

“Biz tələbələri, o cümlədən, Azərbaycandan olan ən istedadlı
tələbələri də işə cəlb etməyə çalışırıq, çünki onlar dünyanın ən
istedadlılarından sayılır. Ümid edirik ki, bunlardan bəziləri
gələcəkdə təcrübə proqramlarına, tam zamanlı iş imkanlarına
qoşulacaq, sonra isə bəlkə, öz şirkətlərini burada quraraq
ekosistemi inkişaf etdirəcəklər.

Gördüyümüz odur ki, fərqli etnik mənşə və mədəniyyətlərdən olan
tələbələr ABŞ-yə gəlib işlədikdə, bacarıqlarını inkişaf etdirir və
sonra evlərinə qayıdaraq oradakı ekosistemi gücləndirirlər. Bu, çox
müsbət bir ekosistemdir. Buna görə də biz bundan çox
həyəcanlanırıq”.




Tədqiqatçı vurğulayıb ki, “OpenAI” olaraq edə biləcəkləri ən
yaxşı işlərdən biri, ən ağıllı və bacarıqlı tələbələri şirkətlərinə
cəlb etməkdir:

“Çünki məncə, ən yaxşı təlim yollarından biri işləməklə
öyrənməkdir”.

“Biz şirkət olaraq günəş, külək və bir çox bərpa olunan nüvə
enerjisi texnologiyalarının inkişafına ciddi şəkildə investisiya
edirik, çünki kifayət qədər enerji mövcud deyil.

Biz milyonlarla GPU (Graphics Processing Unit) qurmağa çalışırıq
və bu, giqavatlarla enerji tələb edir. Ona görə də yeni günəş
texnologiyaları və yeni nüvə texnologiyaları ilə işləyən
şirkətlərlə əməkdaşlıq etməyə çalışırıq. Bizim qurucumuz Sam Altman
nüvə füzyonuna da bir çox investisiya qoyub.

Şəxsi olaraq Azərbaycanda bərpa olunan enerji sektoru barədə çox
məlumatım yoxdur, amma əminəm ki, əgər onlar bu sahədə
işləyirlərsə, AI texnologiyalarından bu sektorda da istifadə edə
bilərlər”, – deyə Mostafa Rohaninejad fikrini yekunlaşdırıb.