
Bakı. Trend:
1-2 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının
xarici işlər nazirinin müavini Fariz Rzayev 20-ci Bled Strateji
Forumunda iştirak məqsədilə Sloveniyada səfərdə olub.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, Forum çərçivəsində nazir müavini dünyada hökm
sürən cari beynəlxalq vəziyyətə həsr olunmuş panel müzakirələrində
çıxış edib.
Çıxışda cari ilin 8 avqust tarixində baş tutmuş Vaşinqton
sammiti zamanı əldə edilmiş tarixi razılaşmalardan,
Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyindən
bəhs edib, regionda sabitliyin əhəmiyyəti vurğulanıb.
Çıxışda, həmçinin, Azərbaycanın Avropa ölkələrinin enerji
təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizin iştirakı ilə gerçəkləşən
irimiqyaslı enerji və nəqliyyat layihələrinə diqqət çəkilərək, “Orta Dəhliz” kimi beynəlxalq nəqliyyat marşrutlarının
yaradılmasında və fəaliyyətində Azərbaycanın oynadığı vacib rol
barədə məlumat təqdim edilib.
Panel müzakirələri zamanı ölkəmizin BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) uğurlu ev sahibliyi və sədrliyi, COP29
çərçivəsində uzun müddət həllini gözləyən bir çox məsələ üzrə əldə
edilmiş nailiyyətlərdən və qəbul edilmiş qərarlar barədə
danışılıb.
Səfər çərçivəsində, həmçinin, bir sıra ikitərəfli işçi görüşlər
keçirilib.