
Bakı. Trend:
Baş Prokurorluq Baş Qazax rayonu, Daş Salahlı kənd sakini Asif
Qurbanovun müraciətinə dair açıqlama yayıb.
Trend xəbər verir ki, açıqlamaya əsasən, Qazax rayonu, Daş
Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış
araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası
Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciəti ilə bağlı
bildiririk ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar
etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma
zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri
ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq
sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin birbaşa
şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım
əməkdaşlarının izahatları alınıb.
“Araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında
yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici
əleyhinə dərman içərək daha sonra bıçaqla özünə xəsarət yetirməklə
özünü öldürdüyü müəyyən edilib.
Qeyd olunan fakt həmin vaxt orada olmuş zərər çəkmişin
qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq
ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini
tapıb.
Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci
maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin
başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət Qazax rayon
məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız hesab
olunub, qərar qüvvədə saxlanılıb.
Bir daha media qurumlarından xahiş olunur ki, məlumat və
müraciətlərin ictimaiyyətə təqdim edilməsindən əvvəl onların rəsmi
dövlət qurumları ilə dəqiqləşdirilməsinə diqqət yetirilsin”, –
məlumatrda deyilir.

