
Bakı. Trend:
Sentyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini
Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə
Təşkilat Komitəsinin 3-cü iclası keçirilib.
Trend xəbər
verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı
Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə
təqdimatları dinlənilib.
O cümlədən hava limanı əməliyyatları, nəqliyyat, təhlükəsizlik,
uniforma, akkreditasiya, brendinq, tədbirlər, mükafatlandırma,
bilet sistemi, logistika, iaşə xidmətləri, təmizlik və
tullantıların idarə olunması; inzibati işlər, insan resursları və
işçi qüvvəsi, III MDB Oyunları könüllülər proqramı, məkanların
idarə olunması, media xidmətləri və kommunikasiya, informasiya
texnologiyaları və yayım, idman əməliyyatları, açılış və bağlanış
mərasimlərinə hazırlıq, idman qurğularının Oyunlara hazırlığı
istiqamətlərində aparılan işlər barədə məlumat verilib.