Madat Babayan ibtidai istintaqa ifadəsində Xocalı soyqırımı zamanı xüsusi qəddarlığı ilə seçilən Ermənistan silahlı qüvvələrinin bəzi hərbçilərinin adlarını açıqlayıb – MƏHKƏMƏ

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 4-də
davam etdirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Məhkəmə prosesi təqsirləndirilən şəxs Qarik Martirosyanın
cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid
elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam
etdirilib.

Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1993-cü ilin
əvvəllərindən 1994-cü ilin sonlarınadək, habelə 2020-ci ildə 44
günlük müharibə zamanı və 2023-cü ilin yanvar ayından sentyabrın
20-dək olan müddət ərzində döyüş mövqelərində növbətçilik çəkib,
silahla Azərbaycan əsgərləri istiqamətində atəşlər açıb.

Xocalı rayonu ərazisində yaranmış “Əsgəran özünümüdafiə
birləşmələri” adlı hərbi birləşməyə Vitali Balasanyan rəhbərlik
edib. O da 1993-cü ilin əvvəllərindən etibarən həmin hərbi
birləşmələrin tərkibinə daxil olub.

44 günlük müharibə başa çatdıqdan sonra “Əsgəran rayon icra
hakimiyyəti”ndən “rayona tabe olan kəndləri qoruyan” şəxslərə pul
verildiyini eşidib oraya gedib, ona təxminən 200 min Ermənistan
dramı (500 ABŞ dolları) məbləğində pul vəsaiti verilib.

2023-cü ilin yanvar ayından aylıq əmək haqqı müqabilində
Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı
altında olan ərazilərində postda durub. Xidmət zamanı onlara AKS
markalı avtomat təhkim olunub. 2023-cü il sentyabrın 19-20-də
Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı
tutulub.

Daha sonra təqsirləndirilən şəxs Qurgen Stepanyanın cinayət işi
üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan
digər sənədlər səsləndirilib.

O, ibtidai istintaqa ifadəsində Ermənistan Respublikasının
vətəndaşı olduğunu, 2005-ci il noyabrın 3-də Vayk rayon (red:
Dərəlyəz mahalı, Paşalı rayonu) hərbi komissarlığı tərəfindən hərbi
xidmətə çağırıldığını qeyd edib. Hərbi xidmətini Azərbaycanın həmin
vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Hadrut
qəsəbəsində yerləşən hərbi hissədə əsgər kimi keçirib.

Hərbi hissənin komandiri polkovnik Vaçaqan Nersesyan, tabor
komandiri mayor Aşot Harutyunyan və bölük komandiri isə kapitan
Armen Harutyunyan olub. Hərbi hissənin təyinatı Füzuli rayonunda
yaradılmış postlarda hərbi qulluqçuların növbətçilik qaydasında
həmin postlarda xidmət etmək olub. 2007-ci il noyabrın 3-də hərbi
xidməti başa vuraraq Ermənistan Respublikasına, Cermux şəhərinə
qayıdıb.

Qarik Martirosyan, Melikset Paşayan, Erik Qazaryan və David
Allahverdiyan ilə birlikdə 2023-cü ilin yanvar ayından sentyabrın
20-dək həmin vaxt işğal altında olan Əsgəran rayonunda kəndin “icra
nümayəndəsi” Edo Musayelyanın rəhbərliyi ilə yaradılmış postda
xidmət edib.

Daha sonra təqsirləndirilən şəxs Madat Babayanın cinayət işi
üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan
digər sənədlər səsləndirilib.

Madat Babayan ibtidai istintaqa ifadəsində bildirib ki, 1988-ci
ildə Xankəndi şəhərində ermənilər silahlı dəstələr yaradaraq
müxtəlif ərazilərdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar
təşkil etməyə başlayıblar. O özü 1990-cı ilin əvvəllərində Ağdərə
rayonunun Çardaqlı kəndində Svis və Nurik adlı erməni komandirlərin
rəhbərliyi altında dəstələrə qoşularaq könüllü olaraq döyüş
əməliyyatlarında iştirak etməyə başlayıb.

1990-1992-ci illərdə Ağdərə rayonunun ərazisində yaşayan
azərbaycanlı əhalinin məskunlaşdığı Sırxavənd, Umudlu, Baş
Güneypəyə, Bəşirlər, Canyataq, Çərəktar, Damğalı, Gülyataq, Hayad,
Xatınbəyli, İmarət Qərvənd, Qaraşlar, Qazançı, Məlikli,
Maralyansarov, Orta Güneypəyə, Sırxavənd, Şahmansurlu, Yarımca,
Yeni Qaralar və digər kəndlərin ərazisində Azərbaycana qarşı
aparılan döyüş əməliyyatlarında iştirak edib.

Həmçinin o, 1990-1994-cü illərdə batalyon komandiri Robert
Sarkisyanın rəhbərliyi ilə Suqovuşan kəndi istiqamətində gedən
döyüşlərdə də iştirak edib. Orada olan döyüşlərdə çoxsaylı
Azərbaycan Respublikasının hərbi qulluqçularını öldürüblər.

Müharibə zamanı 1992-ci il fevralın 23-də o, döyüşçü yoldaşları
Vamik Petrosyan, Valerik Petrosyan, David Qriqoryan, Albert
Qriqoryan (“Abo” ləqəbli), Şirin Şirinyan, Spartak Akopyan və
adlarını xatırlamadığı digər 20 nəfər silahlı döyüşçü ilə birlikdə
Xankəndi şəhərinə gəliblər.

O, həmin ərəfələrdə Ermənistan silahlı qüvvələrinin hərbi
birləşmələrinin rəhbərlərinin Samvel Babayan, Seyran Ohanyan,
Arkadi Ter-Tadevosyan, Vitali Balasanyan adlı şəxslər olduğunu
bildirib.

M.Babayan ibtidai istintaqa ifadəsində qeyd edib ki, fevralın
24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək
növbəti gün, yəni 1992-ci il fevralın 25-də gecə radələrində hücuma
keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam
törədəcəklərini bildirib. Onlar komandir Arkadi Şirinyanın əmrinə
uyğun olaraq hazırlıq görməyə başlayıblar.

Hücuma keçməzdən əvvəl Xocalı şəhəri Xankəndi istiqamətində olan
yüksək dağlıq ərazidə yerləşən artileriya və reaktiv yaylım atəş
sistemlərinin yerləşdiyi mövqelərdən top, minatan və digər
təyinatlı mərmilərlə aramsız atəşə tutulub.

Təxminən 30-40 dəqiqə davam edən aramsız artileriya, minaatan və
“BM-21-QRAD” sistemlərinin atəşlərindən sonra onlar fevralın 25-dən
26-na keçən gecə saat 24 radələrində Xocalı şəhərinə daxil olubar.
Şəhərə daxil olduqdan sonra hər iki tərəfdən avtomat, pulemyot,
qumbaratanlardan istifadə edilməklə Xocalıda qarşılarına çıxan dinc
əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər
ayaqları yalın, qucaqlarında körpə uşaqlarla birlikdə Xocalı
şəhərinin yaxınlığından keçən Qarqar çayını keçərək, yaxınlıqdakı
dağlara doğru və Ağdam rayonunun Şelli kəndi istiqamətində
qaçıblar.

Dinc sakinlər qaçarkən əvvəlcədən şəhərin ətrafında postlar
qurmuş Ermənistan silahlı qüvvələrinin digər hərbçiləri tərəfindən
güllələnib.

M.Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca, yaşlı
demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan və
digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər
törədilsin. Ümumiyyətlə, Xocalı şəhəri uzun müddət mühasirədə
olduğundan sakinlər şəhərdən çıxa bilməyib, hücum zamanı çox az
sayda insan oradan çıxaraq xilas ola bilib.

Fevralın 26-da səhər saat 10 radələrində onlar şəhərdə və
şəhərdən kənar dağlıq meşəlik ərazidə qırğınlar, talanlar
törətdikdən sonra polkovnik Arkadi Şirinyan atəşin dayandırılması
barədə əmr verib. Həmin vaxt qar yağdığı üçün səhər radələrində
yerdə olan qar bütövlükdə qana bulaşmış vəziyyətdə olub, yüzlərlə
dinc sakinin meyiti ətrafa səpələnmiş şəkildə torpağın üzərində
qalıb.

Atəş dayandırıldıqdan sonra onlar Arkadi Şirinyandan nə
edəcəklərini soruşub, Arkadi isə meyitləri və yaralıları ərazidən
yığmalarını tapşırıb. Olduqları mövqelərə yaxın yerlərdən təxminən
150-200 meyit yığıblar. Onların arasında azyaşlı uşaqlar,
cavan-yaşlı qadınlar, kişilər, qocalar olub.

Meyitləri yığan zaman onlar ərazidə yerə uzadılmış vəziyyətdə
bir neçə yaralı şəxsi aşkar ediblər. Onlar yaralıları meyitlərdən
təxminən 7-8 metr aralıda bir yerə toplayıb, daha sonra Vamik
Petrosyan rabitə ilə yaralılar barədə Arkadi Şirinyana məlumat
verib. Bir neçə dəqiqə sonra Xankəndi şəhərindən təcili tibbi
yardım avtomobili gələrək həmin yaralıları Xankəndi şəhərinə
aparıb. Həmin yaralıların sonrakı taleyi barədə onun heç bir
məlumatı olmayıb. Ümumiyyətlə, Xocalı şəhərində olan Ermənistan
hərbçiləri əraziyə səpələndiyindən onlar meyitləri ayrı-ayrılıqda
yığıblar.

Meyitlər yığdıqdan sonra 3 ədəd “URAL” markalı yük avtomobilli
gəlib və onlar meyitləri həmin yük avtomobillərinə yığıblar. Həmin
vaxt Vamik və Şirin uca səslə gülərək bildiriblər ki, “Bunlar
türkdür, türklərə qarşı həmişə belə olmalıyıq”. Ümumiyyətlə,
qətliam zamanı Vamik Petrosyan və Şirin Şirinyan xüsusi
qəddarlıqları ilə seçiliblər.

Təqsirləndirilən şəxs ibtidai istintaqa ifadəsində deyib ki,
Vamik Petrosyan 1953-cü il təvəllüdlü, Şirin Şirinyan isə təxminən
1950-ci il təvəllüdlü olub.

O bildirib ki, Xankəndi şəhəri istiqamətində Xocalı şəhərinə
daxil olan hərbi birləşmələrdə T-72, T-55 tankları, BMP-1 və BMP-2
piyadaların döyüş maşınları olub, eşitdiyinə görə həmin hərbi
texnika keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı
motoatıcı alayından götürülərək əldə edilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, 1992-ci il fevralın 26-dan
martın 8-dək Xocalıda talanlar davam edib. Onun ibtidai istintaqa
verdiyi ifadəyə görə, komandir Arkadi Şirinyan bir çox Ermənistan
hərbçisini əraziyə müxtəlif yerlərə mühafizəyə qoyaraq bildirib ki,
“Xankəndindən gələn camaatı evləri talan etməyə qoymayın”. Belə ki,
həmin evlər qətliamda iştirak edən edən və digər Ermənistan
hərbçiləri tərəfindən talanmalı imiş. Ümumiyyətlə Xocalı
qətliamında iştirak edən çoxsaylı Ermənistan hərbçiləri qətliamdan
sonra talançılıq və digər vəhşiliklə məşğul olublar.

M.Babayan bildirib ki, 1993-cü il noyabrın 16-dək Suqovuşan,
Heyvalı, Canyataq, Gülyataq kəndləri, Ağdərə şəhəri, Talış,
Seysulan kəndləri ərazisində gedən döyüşlərdə iştirak edib.
Noyabrın 16-da Vamik Petrosyan və Şirin Şirinyan azərbaycanlılarla
gedən döyüşdə yaralanaraq ölüb, o isə sol çiyin nahiyəsindən güllə
yarası alıb. O, Xankəndi şəhərində yerləşən hospitalda müalicə
aldıqdan sonra yenidən Ağdərə rayonunun Suqovuşan istiqamətində
olan döyüşlərə qayıdıb və yalnız 1994-cü ilin sonlarında silahlı
qüvvələrdən tərxis olub.

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə özü
iştirak etməsə də, övladları Armen Babayan və Masis Babayan bir
sıra döyüşlərə qatılıblar. 2023-cü il sentyabrın 20-də axşam
radələrində Azərbaycan hərbçiləri onun əlində avtomat (AKS 74)
olduğunu görüb saxlayıblar.

Təqsirləndirilən şəxs Melikset Paşayanın cinayət işi üzrə
ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər
sənədlər səsləndirilib.

O, ibtidai istinataqa ifadəsində bildirib ki, 1993-1995-ci
illərdə, 2020-ci ildə 44 günlük müharibədə, habelə 2023-cü ilin may
ayından sentyabrın 20-dək olan müddət ərzində qeyd etdiyi
ərazilərdə hərbi birləşmələrin tərkibində uzun müddət postlara
çıxıb, silahlı şəkildə növbətçilik çəkib. O, Ağdam rayonunun Suma,
Güllicə və Sarıcalı kəndlərində, Xocavənd rayonunun Ağbulaq
kəndində və Ağdərə şəhərində postlarda xidmət etdiyini qeyd edib.
Tutularkən üzərində avtomat silah (AK-74), onun darağı və partonlar
aşkarlanıb.

Sonra təqsirləndirilən şəxs David Allahverdiyanın cinayət işi
üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan
digər sənədlər səsləndirilib.

O, ibtidai sitintaqa ifadəsində 2006-cı il dekabrın 11-də
“Əsgəran rayon hərbi komissarlığı” tərəfindən hərbi xidmətə
çağırıldığını bildirib. Hərbi xidmət etdiyi alayın komandiri
polkovnik Artur Artunyan, tabor komandiri polkovnik-leytenant Hray,
bölüyün komandiri isə Artik Qasparyan idi. Alayın təyinatı Ağdam
rayonunun həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında
olan ərazilərində yaradılmış postları əsgərlə təmin etməkdən ibarət
imiş.

O, Ağdam rayonunda adını bilmədiyi ərazidə postda xidmət edib.
Hərbi xidmətdə olduğu müddət ərzində 1 həftə alayın özündə, növbəti
1 həftə isə Ağdam rayonu ərazisində ön cəbhədə postda olmaqla
növbəli şəkildə xidmətini davam etdirib. Onlarla üzbəüz ərazidə
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları
xidmət ediblər.

D.Allahverdiyan ifadəsində qeyd edib ki, 2008-ci ildə hərbi
xidmətini başa vurub. 2020-ci il sentyabrın 1-də qondarma rejimin
“Təhlükəsizlik şurası”nın kənd təsərrüfat üzrə “sektor müdiri
vəzifəsi”nə “təyin” olunub. 44 günlük müharibə zamanı, sentyabrın
30-da “Əsgəran hərbi komissarlığı” tərəfindən ona çağırış vərəqəsi
göndərilib. O və digər çağırışçılar “Kamaz” markalı yük avtomobili
ilə Füzuli rayonu ilə Xocavənd rayonun arasında yerləşən adını
bimədiyi əraziyə aparılıblar.

2020-ci ilin noyabr ayında eşitdiyinə görə qondarma rejimin
“Təhlükəsizlik şurası” ləğv edilib. 2021-ci ildə “kənd təsərrüfatı
nazirinin müşaviri” “təyin” olunub.

2023-cü ilin yanvar ayından Azərbaycanın həmin vaxt Ermənistan
silahlı qüvvələrinin işğalı altında olan ərazilərində postlarda
hərbi xidmət edib. Həmin ilin sentyabrında antiterror əməliyyatl
zamanı Azərbaycan hərbçiləri tərəfindən tutularkən üzərində avtomat
silah, onun darağı və patronları olub.

Sonra təqsirləndirilən şəxs Vasili Beqlaryanın ibtidai
istinataqa verdiyi ifadələr elan edilib. O, ibtidai istintaqa
ifadəsində bildirib ki, 2011-ci ilin noyabr ayında Xocavənd “rayon
hərbi komissarlığı” tərəfindən müddətli hərbi xidmətə çağırılıb,
Ağdərədədə yerləşən hərbi hissədə xidmətə edib. Həmin müddətdə
xidmət etdiyi hərbi hissənin komandiri “Asiryan Edo” adlı zabit
olub, digər komandirlərin ad və soyadların xatırlamır. Hərbi
hissənin tərkibində 4 batalyon, ümumilikdə, 1000 nəfərə yaxın şəxsi
heyət olub.

2019-cu ildə ailəsilə birlikdə Yerevan şəhərinə köçüb.
V.Beqlaryan ibtidai istintaqa ifadəsində iddia edib ki, 2020-ci
ildə baş vermiş 44 günlük müharibədə iştirak etməyib. 2022-ci ilin
payız aylarında Azərbaycanın həmin vaxt işğal altında olan
ərazilərinə gələrək pul müqabilində xidmət etməyə başlayıb.

2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi
antiterror əməliyyatı zamanı tutulub.

Ardınca təqsirləndirilən şəxs Erik Qazaryanın ibtidai istintaqa
verdiyi ifadələr də elan olunub. O, ibtidai istintaqa ifadəsində
Ermənistanın Qafan rayonunda anadan olduğunu, hərbi xidmətini
Ermənistanda keçdiyini bildirib. 2021-ci ildə Qafan şəhərində olan
zaman erməniəsilli milyarder Ruben Vardanyanın Azərbaycanın həmin
vaxt işğal altında olan ərazilərinə gəldiyini, azərbaycanlılara
qarşı döyüşmək istəyən şəxslərə yaxşı əməkhaqqı verdiyini
eşidib.

O, həmin ilin fevral ayında Qafan şəhər hərbi komissarlığına
müraciət edərək, Qarabağda yerləşən hərbi hissələrin birində
müqavilə ilə xidmət etmək istədiyini deyib. E.Qazaryana bildirilib
ki, bunun üçün Xankəndi şəhərində yerləşən hərbi hissəyə müraciət
etməlidir. Beləliklə, 2021-ci ilin aprel ayında E.Qazaryanla 3 il
müddətinə müqavilə bağlanılıb. 2023-cü il sentyabr ayınadək
Azərbaycanın o vaxt işğal altında olan ərazilərində hərbi xidmətdə
olub, həmin il sentyabr ayında Azərbaycan Ordusunun hərbi
qulluqçuları tərəfindən tərksilah edilərək tutulub.

Məhkəmə prosesi sentyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.